Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayrılacaq - Dünya Bankından QƏRAR

Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayrılacaq - Dünya Bankından QƏRAR

Dünya Bankı "Yaşana bilən Bakı" layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır. SİA Dünya Bankına istinadən xəbər verir ki, layihənin 26 oktyabr 2026-cı il tarixinədək qiymətləndirilməsi planlaşdırılır, Direktorlar Şurası tərəfindən təsdiqi isə 2027-ci il fevralın 18-nə nəzərdə tutulub. Maliyyələşdirmə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının strukturuna daxildir) xəttilə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 501,25 milyon ABŞ dolları təşkil edir - Azərbaycan hökumətinin payı 91,25 milyon ABŞ dolları məbləğində nəzərdə tutulur. Layihənin məqsədi Böyük Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi və iqlim təhdidlərinə qarşı dayanıqlığın gücləndirilməsidir.

Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Layihənin konsepsiyasına əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.

Layihənin birinci komponenti - "Bərk məişət tullantılarının kompleks idarə edilməsi" Bakı və Abşeron rayonu ərazisində bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi üçün tikinti işlərinin maliyyələşdirilməsini, malların və xidmətlərin alınmasını nəzərdə tutur. Əsas investisiyalar təbiəti mühafizə üzrə beynəlxalq standartlara cavab verən sanitar poliqonların inşası və istifadəyə verilməsi, tullantıların yüklənməsi stansiyalarının təşkili, həmçinin resursların çıxarılmasının səmərəliliyinin artırılması və tullantıların basdırılması həcmlərinin azaldılması məqsədilə materialların çeşidlənməsi və rekuperasiyası obyektlərinin yaradılması daxildir. Bu komponent həmçinin tullantıların əmələ gəldiyi mənbələrdə ayrı-ayrı toplanmasının təkmilləşdirilməsi, təkrar emalın inkişafı və qapalı dairəvi iqtisadiyyatın formalaşdırılması üzrə tədbirlərin dəstəklənməsini nəzərdə tutur.

"Çirklənmiş göllərin və ərazilərin rekultivasiyası" adlanan İkinci komponent ən genişmiqyaslı komponent hesab olunur və təbii su hövzələrinin və neftlə çirklənmiş torpaqların ekoloji reabilitasiyasına yönəlib. Komponent çərçivəsində onilliklər ərzində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalmış üç təbii gölün - Zığ, Xocəsən və Böyük Şor gölünün qərb hissəsinin bərpası üçün maliyyə ayrılacaq. Bundan başqa, komponent Böyük Bakıda neftlə çirklənmiş müəyyən sahələrin rekultivasiyasına dəstək verəcək. Bərpa edilmiş ərazilərin yaşıl zonaların sahəsinin genişləndirilməsi, həmçinin şəhərsalma üçün torpaqların boşaldılması sayəsində mühüm ekoloji üstünlüklər təmin edəcəyi gözlənilir.

Üçüncü komponent olan "İnstitusional gücləndirmə" dövlət orqanlarının ekoloji cəhətdən əlverişli və dayanıqlı şəhər mühitinin planlaşdırılması, idarə edilməsi və qorunub saxlanması sahəsində potensialının inkişafına hədəflənib. Əsas tədbirlər inteqrasiya olunmuş şəhər planlaşdırılması və idarə edilməsi sahəsində imkanların gücləndirilməsini; torpaq resurslarının idarə edilməsi sistemlərinin yaradılması və tətbiqini; bərk məişət tullantılarının idarə edilməsi sektorunda islahatlara, o cümlədən normativ islahatlara, tarif tənzimlənməsi sahəsində islahatlara və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə köməklik göstərilməsini əhatə edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə