“Açıq Bankçılıq Platforması ölkədə innovativ maliyyə xidmətlərini inkişaf etdirib” -EDQAR ABDULLAYEV
“ Rəqəmsal texnologiyalar və innovativ maliyyə alətləri sahəsində regionun inkişafına istiqamət verən aparıcı oyunçulardan birinə çevrilməkdir”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici tədbirində deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə həyata keçirilən islahatlar, açıq bankçılıq (Open Banking) təşəbbüsləri, Ani Ödəniş Sistemi və Açıq Bankçılıq Platformasının yaradılması ölkədə innovativ maliyyə xidmətlərinin inkişafına mühüm töhfə verib:
” Bununla yanaşı, 2027–2028-ci illər üçün maliyyə sektorunun inkişafına dair dövlət proqramı innovasiya ekosisteminin formalaşdırılması baxımından yeni mərhələnin əsasını qoyur.
Bu strategiyanın əsas prioriteti yalnız rəqəmsallaşma deyil. Məqsəd banklar, fintech şirkətləri, tənzimləyici qurumlar və maliyyə ekosisteminin bütün iştirakçıları arasında güclü əməkdaşlıq mühitinin yaradılmasıdır. Hədəf innovativ maliyyə xidmətlərinin təhlükəsiz və etibarlı şəkildə inkişaf etdirilməsi, vətəndaşlara daha sürətli, daha əlçatan və qanunvericiliyin tələblərinə uyğun maliyyə xidmətlərinin təqdim edilməsidir.
Fintech şirkətləri bankların rəqibi deyil, onların innovasiya tərəfdaşıdır. Güclü bank sektoru və sağlam maliyyə ekosistemi məhz bu tərəfdaşlıq əsasında formalaşır. Eyni zamanda, innovativ fintech həlləri olmadan bank sektorunun uzunmüddətli rəqabət qabiliyyətini qorumaq mümkün deyil.
Azərbaycanın gələcək uğuru dövlət, bank sektoru və fintech ekosistemi arasında əməkdaşlığın daha da güclənməsindən keçir. Azərbaycan Fintech Assosiasiyası olaraq hesab edirik ki, bu istiqamətdə tərəfdaşlığın inkişafı maliyyə sektorunun dayanıqlı inkişafının əsas şərtlərindən biridir.
Bu gün artıq Azərbaycanda rəqəmsal maliyyə ekosistemi formalaşma mərhələsini uğurla geridə qoyaraq inkişaf edən bir sistemə çevrilib. Bu isə dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin və innovasiyaya göstərilən davamlı dəstəyin mühüm nəticələrindən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB