Maşın bazarında bahalaşma olacaq? - İQTİSADÇI AÇIQLADI

Maşın bazarında bahalaşma olacaq? - İQTİSADÇI AÇIQLADI

2026-cı ilin ilk beş ayında Azərbaycanda minik avtomobillərinin idxalında kəskin azalma qeydə alınıb. Rəqəmlər göstərir ki, ötən ilin yanvar-may aylarında ölkəyə 39 min avtomobil gətirildiyi halda, bu il həmin göstərici 24 minə düşüb. Bu isə təxminən 40 faizlik azalma deməkdir. İdxaldakı bu geriləmə daxili avtomobil bazarına, xüsusilə qiymət dinamikasına və tələbatın səviyyəsinə necə təsir göstərib?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov SİA-ya açıqlamasında bildirib ki, 2026-cı ilin ötən beş ayı ərzində avtomobil idxalında müşahidə edilən azalmanı iki əsas faktorla izah etmək olar:

“Birincisi, yanvarın 1-dən etibarən elektromühərrikli avtomobillərə tətbiq edilən güzəştlərin dayandırılmasıdır. Ötən üç il ərzində bu avtomobillərin idxalı zamanı gömrük və vergi rüsumlarında mövcud olan güzəştlər daxili bazarda daha münasib qiymətlərlə avtomobil təklifinə imkan yaradırdı. Xüsusilə son iki ildə bu təşviqlər nəticəsində elektromühərrikli, “plug-in hibrid” və hibrid avtomobillərin idxalında ciddi artım müşahidə olundu. Bu dövrdə yeni avtomobillərin qiyməti, hətta bəzi hallarda ikinci və üçüncü əl avtomobillərlə müqayisədə daha əlverişli idi. Lakin güzəştlərin ləğvi qiymətlərin artmasına, alıcılıq qabiliyyətinin zəifləməsinə və nəticədə bazarda tələbin azalmasına səbəb oldu. İkinci əsas amil isə əvvəlki dövrdə, xüsusilə taksi xidməti ilə bağlı qaydalardakı dəyişikliklərdən sonra formalaşan kütləvi tələbin aradan qalxmasıdırHəmin vaxt iqtisadi, o cümlədən elektrik və hibrid avtomobillərə güclü tələb yaranmış və bu da ötən il idxalın kəskin artmasına səbəb olmuşdu. Bu il isə həmin tələb effektinin zəifləməsi ümumi idxal həcminə birbaşa təsir göstərir. Avtomobil idxalının azalması Azərbaycanda avtoparkın yenilənmə sürətini də zəiflədir və nəticədə avtoparkın orta yaşı artır. Belə vəziyyət həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymət artımını stimullaşdırır. Artıq ötən dövrdə də bahalaşma meylləri müşahidə olunurdu. Əgər bu tendensiya davam edərsə, yaxın dövrlərdə daxili bazarda avtomobil qiymətlərinin daha da artması ehtimal olunur”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə