“Yeni sistemin ölkəmizdə də müsbət nəticələr verməsi gözlənilir” - EKSPERT DANIŞDI
”Ölkəmiz üçün icbari avtomobil sığortasında tətbiq edilən bu yenilik ilk baxışdan yeni mexanizm kimi görünsə də, dünyanın bir sıra ölkələrində, xüsusilə Türkiyədə uzun illərdir uğurla istifadə olunur. Bu sistemin əsas məqsədi sığorta bazarında daha ədalətli mühit formalaşdırmaq, riskləri daha düzgün qiymətləndirmək və sığorta şirkətlərinin maliyyə dayanıqlığını artırmaqdır”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə , yeni qərarın hədəfi yalnız sığorta haqlarının hesablanma qaydasını dəyişmək deyil, eyni zamanda bu sahədə mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına, sürücülərin daha məsuliyyətli davranış nümayiş etdirməsinə və uzunmüddətli perspektivdə iqtisadi sabitliyin təmin edilməsinə xidmət etməkdir:
” İndiyədək qəza törədən və heç bir qəza tarixçəsi olmayan sürücülərin eyni və ya bir-birinə yaxın məbləğdə sığorta haqqı ödəməsi müəyyən narazılıqlar yaradırdı. Yeni sistem isə sürücünün yol hərəkətindəki davranışını birbaşa sığorta məbləğinə təsir edən amilə çevirir.
Vətəndaşlar üçün sadə dillə izah etsək, qəza törədən sürücünün növbəti il icbari avtomobil sığortası daha yüksək məbləğdə hesablanacaq. Əksinə, uzun müddət qəza törətməyən, risk yaratmayan sürücülər isə endirimli tariflərdən yararlana biləcəklər. Bu, təhlükəsiz sürücülüyü təşviq edən və qaydalara əməl edən şəxsləri mükafatlandıran bir yanaşmadır.
Xarici ölkələrin təcrübəsinə nəzər saldıqda bu sistemin bəzi maraqlı nəticələr doğurduğunu da görmək mümkündür. Məsələn, Türkiyədə sürücülər bəzən kiçik və cüzi maddi zərərlə nəticələnən qəzalar zamanı sığorta şirkətinə müraciət etmədən məsələni öz aralarında həll etməyə üstünlük verirlər. Bunun əsas səbəbi həmin hadisənin sığorta tarixçəsinə düşməsi və növbəti illərdə sığorta haqqının artması ehtimalıdır. Belə hallarda qəzanı törədən şəxs zərərçəkən tərəfin xərclərini birbaşa qarşılayaraq əlavə sığorta yükündən yayınmağa çalışır.
Lakin bu yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Bir tərəfdən, xırda hadisələr üzrə sığorta sisteminə əlavə yük düşmür və tərəflər problemi daha operativ həll edə bilirlər. Digər tərəfdən isə bəzi sürücülər gələcəkdə daha yüksək sığorta haqqı ödəməmək üçün hadisələri rəsmi qaydada qeydə almamağa çalışa bilərlər. Buna görə də sistemin tətbiqi zamanı nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.
Qısamüddətli dövrdə bu dəyişiklik bəzi sürücülər üçün əlavə maliyyə yükü kimi görünə bilər. Xüsusilə də tez-tez qəza törədən və ya riskli sürücülük davranışı nümayiş etdirən şəxslər daha yüksək sığorta haqqı ilə üzləşə bilərlər. Lakin uzunmüddətli perspektivdə bu model daha ədalətli sığorta sisteminin formalaşmasına, yol-nəqliyyat hadisələrinin azalmasına və təhlükəsiz sürücülük mədəniyyətinin inkişafına töhfə verə bilər. Risk yaradan sürücünün daha çox, qaydalara əməl edən sürücünün isə daha az ödəniş etməsi beynəlxalq təcrübədə özünü doğrultmuş yanaşma hesab olunur və yeni sistemin ölkəmizdə də müsbət nəticələr verməsi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB