"Müharibənin iqtisadi yükü artır: Rusiya və Ukrayna ciddi təzyiqlərlə üz-üzədir"

"Müharibənin iqtisadi yükü artır: Rusiya və Ukrayna ciddi təzyiqlərlə üz-üzədir"

“Rusiya–Ukrayna müharibəsində son vəziyyət kifayət qədər ciddi və gərgindir. Artıq beşinci ilini yaşayan bu müharibənin həm hər iki ölkənin iqtisadiyyatına, həm də qlobal iqtisadiyyata mənfi təsirləri açıq şəkildə müşahidə olunur”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, son günlər Rusiyada, xüsusilə Moskvada bir sıra neft emalı zavodlarının dron hücumlarına məruz qalması ölkədə yanacaq təminatı ilə bağlı müəyyən risklər yarada bilər: "Bu vəziyyət Rusiyadan neft və neft məhsulları idxal edən ölkələrə də mənfi təsir göstərə bilər.

Hazırkı mənzərə onu göstərir ki, Rusiyanın iqtisadiyyatı ciddi təzyiqlərlə üz-üzədir. Tətbiq olunan sanksiyalar, müharibənin böyük maliyyə və resurs tələbi, eləcə də xarici ticarət dövriyyəsindəki azalmalar iqtisadi artımı zəiflədir. Neft qiymətlərinin aşağı düşməsi isə büdcə gəlirlərinin azalmasına səbəb olur.

Digər tərəfdən, Ukrayna da beynəlxalq maliyyə və hərbi dəstək almasına baxmayaraq, müharibənin ağır iqtisadi nəticələrini yaşayır. Bu baxımdan müharibənin uzun müddət eyni intensivliklə davam etməsinin çətin olduğu görünür.

Müharibələr təkcə hərbi deyil, həm də iqtisadi resursların mübarizəsidir. Buna görə də tərəflərin iqtisadi imkanları prosesin gələcək inkişafında həlledici rol oynayacaq. Proqnoz vermək çətin olsa da, hesab edirəm ki, yaxın dövrdə, xüsusilə də bu il ərzində, münaqişənin dayandırılması və ya sülh danışıqlarının aktivləşdirilməsi istiqamətində müəyyən siqnalların ortaya çıxması mümkündür. Bunun əsas səbəblərindən biri müharibənin hər iki tərəf üçün yaratdığı ağır iqtisadi yükdür".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə