Azərbaycan və Sudanın mərkəzi bankları əməkdaşlıq edəcəklər

Azərbaycan və Sudanın mərkəzi bankları əməkdaşlıq edəcəklər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Sudan Mərkəzi Bankı (SMB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə ilk dəfə səfərdə olan SMB-nin sədri xanım Amna Mirqaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə makroiqtisadi vəziyyət və inkişaf meyilləri, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi mexanizmləri, müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi, eləcə də maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində mövcud yanaşmalar müzakirə olunub.

Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində pul siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank nəzarəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcək. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə