Ənənəvi bank şərtləri, yoxsa onlayn faiz tələsi? - İQTİSADÇI AÇIQLADI

Ənənəvi bank şərtləri, yoxsa onlayn faiz tələsi? - İQTİSADÇI AÇIQLADI

Son illər onlayn kredit xidmətləri maliyyə vəsaitlərinə çıxışı xeyli asanlaşdırıb. Bir neçə dəqiqə ərzində müraciət edib kredit əldə etmək imkanı bu xidmətlərdən istifadə edənlərin sayını artırıb. Bununla yanaşı, bəzi hallarda düşünülməmiş borclanmanın ailə büdcəsinə əlavə yük yaratdığı da qeyd olunur. Bəs onlayn kreditlərin geniş yayılması vətəndaşların borclanma davranışına necə təsir edir? Onlayn kreditlərə marağın artmasının əsas səbəbi nədir? Sürətli kreditlər borclanma riskini artırırmı? Kredit götürərkən vətəndaşlar ən çox hansı səhvlərə yol verirlər?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, hazırda onlayn kredit xidmətləri maliyyə bazarında sürətlə yayılıb:

"Bir neçə dəqiqəyə kredit almaq imkanı ilk baxışda vətəndaş üçün rahatlıq kimi görünsə də, bu prosesin digər tərəfi də var: asan əldə olunan borc bəzən asan idarə olunan borc olmur.

Onlayn kreditlərin populyarlaşmasının əsas səbəbi təkcə texnologiyanın inkişafı deyil. Bunun arxasında əhalinin artan xərcləri, gəlirlərin bir çox hallarda gündəlik ehtiyacları tam qarşılamaması və maliyyə ehtiyaclarının artması dayanır. İnsanlar bəzən kreditə inkişaf və investisiya vasitəsi kimi deyil, sadəcə ayı başa vurmaq üçün çıxış yolu kimi baxmağa başlayırlar.

Sürətli kredit mexanizmləri isə bu prosesi daha da sürətləndirir. Əvvəllər insan kredit götürməzdən əvvəl daha çox düşünür, araşdırırdısa, indi bir neçə kliklə borclanmaq mümkündür. Bu rahatlıq maliyyə məsuliyyətini zəiflədə bilər. Xüsusilə yüksək faizli qısa müddətli kreditlər vətəndaşı borc dövriyyəsinə sala bilər.

Əsas problem kreditin mövcudluğu deyil, kredit mədəniyyətinin zəif olmasıdır. Bir çox vətəndaş müqavilənin bütün şərtlərini, real faiz yükünü, gecikmə zamanı yaranacaq xərcləri tam anlamadan öhdəlik götürür. Nəticədə kiçik məbləğ kimi görünən borc zamanla ailə büdcəsinə ciddi təzyiq yaradır.

Burada maliyyə qurumlarının da məsuliyyəti var. Kredit təklif edilərkən əsas məqsəd yalnız müştəri cəlb etmək deyil, onun ödəmə qabiliyyətini də real qiymətləndirmək olmalıdır. Çünki həddindən artıq asanlaşdırılmış kredit siyasəti qısa müddətdə gəlir yaratsa da, uzun müddətdə həm vətəndaş, həm də maliyyə sistemi üçün risk yarada bilər.

Vətəndaşların ən böyük səhvi isə kreditə əlavə gəlir kimi yanaşmaqdır. Kredit gəlir deyil, gələcək gəlirin əvvəlcədən istifadə edilməsidir. Borclanma artdıqca insanların istehlak imkanları deyil, maliyyə asılılığı da arta bilər.

Qısaca, onlayn kreditlər müasir maliyyə alətidir, lakin nəzarətsiz istifadə edildikdə sosial və iqtisadi problemə çevrilə bilər. Rahat kredit əldə etmək imkanının artması ilə yanaşı, maliyyə savadlılığı və məsuliyyətli borclanma mədəniyyəti də eyni sürətlə inkişaf etməlidir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə