“Kriptovalyuta bazarı tədricən qlobal maliyyə sisteminin mühüm elementlərindən birinə çevrilir“ - EKSPERT DANIŞDI

“Kriptovalyuta bazarı tədricən qlobal maliyyə sisteminin mühüm elementlərindən birinə çevrilir“ - EKSPERT DANIŞDI

“Kriptovalyuta bazarında son aylarda qiymət dəyişkənliyi davam etsə də, sektor əvvəlki dövrlərlə müqayisədə daha yetkin və institusional xarakter alıb. Bazarın əsas hərəkətverici qüvvələri olaraq Bitcoin və Ethereum lider mövqelərini qoruyur. Xüsusilə ABŞ-də Bitcoin ETF-lərinin istifadəyə verilməsi və böyük maliyyə institutlarının bu sahəyə maraq göstərməsi bazara əlavə kapital axını yaradıb”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, İnvestorların yanaşması da dəyişib. Əvvəllər qısa müddətdə yüksək qazanc əldə etmək məqsədi üstünlük təşkil edirdisə, indi daha çox praktiki tətbiq sahəsi olan layihələrə, blokçeyn infrastrukturlarına və süni intellekt texnologiyaları ilə əlaqəli platformalara üstünlük verilir:

Riskli və spekulyativ aktivlərə maraq qalsa da, bazar iştirakçıları daha ehtiyatlı davranmağa başlayıblar.

Eyni zamanda, dünyanın müxtəlif regionlarında kriptovalyutaların tənzimlənməsi istiqamətində addımlar sürətlənir. ABŞ, Avropa və Asiya ölkələri bu sahədə daha aydın hüquqi çərçivələr formalaşdırmağa çalışırlar. Bu proses bazarın şəffaflığını artırsa da, bəzi istifadəçilər tərəfindən mərkəzləşməyə doğru addım kimi qiymətləndirilir.

Stablecoinlər və rəqəmsal ödəniş həlləri də diqqət mərkəzindədir. Maliyyə qurumları və şirkətlər blokçeyn texnologiyasının imkanlarından istifadə edərək əməliyyatların daha sürətli, təhlükəsiz və aşağı xərcli həyata keçirilməsinə çalışırlar.

Kriptovalyuta bazarı tədricən qlobal maliyyə sisteminin mühüm elementlərindən birinə çevrilir. Bununla belə, qiymət dəyişkənliyi, geosiyasi hadisələr və tənzimləyici qərarlar bazarın inkişafına təsir göstərən əsas amillər olaraq qalır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə