“Süni intellekt yalnız analiz deyil, ödəniş proseslərinin təşəbbüsündə də böyük rol oynayır”

“Passkey” (barmaq izi, üz tanıma və s.) texnologiyası və süni intellektə investisiya yatıran şirkətlər gələcəyin ödəniş bazarını formalaşdıran əsas oyunçular olacaq.

SİA xəbər verir ki, bu fikirləri “Visa” beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, MDB və Cənub-Şərqi Avropa regionu üzrə rəqəmsal həllər departamentinin baş direktoru Sergey Frantişko Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində səsləndirib.

Onun sözlərinə görə, qlobal ödəniş sənayesində əsas tendensiyalardan biri müştəri autentifikasiyasının “Passkey” texnologiyasına keçididir. “Visa Payment Passkey” həlli yeni FIDO standartına əsaslanır və istifadəçi identifikasiyasının daha təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir.

S.Frantişko bildirib ki, aparılan araşdırmalara əsasən, birdəfəlik şifrələrin (OTP) biometrik autentifikasiyaya dəyişdirilməsi dələduzluq hallarını təxminən 50 faiz azaldır. Müasir ödəniş ekosistemində tokenlər ödəniş məlumatlarını, “Passkey” isə istifadəçi identifikasiyasını qoruyur. Bu yanaşma təhlükəsizliyin sistemin daxilində təmin olunması və istifadəçi rahatlığının artırılması prinsipinə əsaslanır.

“Visa” rəsmisi qeyd edib ki, gələcəyin ödəniş arxitekturası üç əsas komponent üzərində qurulacaq: tokenizasiya, “Passkey” və süni intellekt. Onun sözlərinə görə, tokenizasiya kart məlumatlarının qorunmasına, “Passkey” şəxsiyyətin təsdiqinə, süni intellekt isə dələduzluğun qarşısının alınması, fərdiləşdirilmiş təkliflərin hazırlanması və hətta ödəniş proseslərinin optimallaşdırılmasına xidmət edəcək.

S.Frantişko əlavə edib ki, süni intellekt artıq yalnız analiz deyil, həm də ödəniş proseslərinin təşəbbüsü və idarə olunmasında rol oynayır. Bu proseslər isə istifadəçinin biometrik təsdiqi ilə həyata keçirilir.

O, regionda elektron ticarətin sürətlə inkişaf etdiyini və “mobile-first” yanaşmanın formalaşdığını da vurğulayıb. İnsanların ödənişlər üçün daha çox smartfonlar, ağıllı saatlar və digər daşınan cihazlardan istifadə etdiyini qeyd edib.

Onun sözlərinə görə, nağdsız ödənişlərin həcmi artsa da, regionda nağd əməliyyatların azaldılması üçün hələ ciddi potensial mövcuddur. Düzgün qurulmuş ödəniş infrastrukturu ölkələrə daha inkişaf etmiş maliyyə həllərinə keçid imkanı yarada bilər.

Tokenizasiya, “Passkey” texnologiyaları və süni intellektə investisiya yatıran bazar iştirakçıları gələcəyin maliyyə xidmətləri sektorunda lider mövqelərə sahib olacaqlar.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə