Kərə yağı bazarında ənənəvi problem... Keyfiyyət düşür, qiymətlər sürətlə bahalaşır - EKSPERT RƏYLƏRİ

Son dövrlər ölkəmizdə kərə yağının qiyməti durmadan artır. Ölkəmizdə yerli istehsal yox səviyyəsində olduğundan, kərə yağına təlabat xaricdən idxal hesabına ödənilir. Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust ayları ərzində ölkəmizə 24 milyon 127 min ABŞ dolları dəyərində 18 min 127 ton kərə yağı idxal edilib. Bu rəqəm dəyər baxımından əvvəlki dövrlə müqayisədə 20% və ya 20,8 milyon ABŞ dolları artıb. Həcm baxımından isə 5,3% və ya 1026 ton azalıb. Azərbaycana idxal edilən kərə yağının idxal qiyməti 1 kq üçün 11 manat 60 qəpik olub. Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, supermarketlərdə idxal kərə yağının 1 kiloqramının orta satış qiyməti 24 manat 11 qəpik olub. Bəs necə olur ki, kərə yağı gömrükdən supermarkətlərin vitrininə gələnədək 2 dəfədən çox bahalaşır. Gəlin qonşu ölkələrdə kərə yağının satış qiymətlərini ölkəmizlə müqayisə edək. Qonşu Türkiyədə “Pınar” markalı kərə yağının 1 kiloqramının qiyməti bizim pulla 17 manat 11 qəpik təşkil edir. Ölkəmizdə isə “Pınar” markalı kərə yağının 1 kiloqramının qiyməti 28 manat 50 qəpik təşkil edir. Onuda qeyd edək ki, qardaş ölkə xaricdən ümumiyyətlə kərə yağı idxal etmir, kərə yağına olan təlabatı 100% yerli istehsal hesabına təmin edir. Qazaxıstanda isə 1 kiloqram kərə yağının qiyməti bizim pulla 14 manat 23 qəpikdir. Qazaxıstan kərə yağına olan təlabtının 90%-ni xaricdən idxal hesabına, yerdə qalan 10%-ni isə yerli istehsal hesabına ödəyir. Almaniyada isə kərə yağının 1 kiloqramının qiyməti 5.56 avro, yəni bizim pulla 10 manat 93 qəpikdir. ABŞ-da isə kərə yağının 1 kiloqramının qiyməti 10.55 dollar, yəni bizim pulla 17 manat 93 qəpik təşkil edir. Göründüyü kimi, ölkəmizdə kərə yağının qiyməti digər ölkələrlə müqayisədə xeyli bahadır. Araşdırmalarımız zamanı oda məlum oldu ki, digər ölkələrdə ölkəyə kərə yağı idxal edən şirkətlərin sayı onlarladır. Ölkəmizdə isə supermarketlərdə gördüyünüz bütün kərə yağlarını ölkəyə cəmi 8 şirkət idxal edir. Ölkəmizdə kərə yağının qiymətinin yüksək olduğu məlumdur bəs keyfiyyət hansı səviyyədədir? Yəni baha qiymətə aldığımız kərə yağının tərkibi təbiidirmi? Təssüfki, bunuda deyə bilmirik. Beləki, bu ilin əvvəllərində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlamalar zamanı məlum oldu ki, “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC başda olmaqla bir çox istehsalçının istehsal etdiyi kərə yağlarının tərkibində “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb. Yəni kərə yağının tərkibində bitki yağı aşkarlanmağı azmış kimi, istifadəsi bütün dünyada qadağan olunan, mütamadi istifadə zamanı xərçəng xəstəliyinə səbəb olan yağ turşuları aşkarlanıb. Məlumat üçün bildirək ki, “Azərsun” və “Delta Group”-un guya Yeni Zellandiyadan idxal olunub burda qablaşdırdığı, halbuki Yeni Zellandiyanın özünün o yağlardan xəbəri olmadığı “Best Cow”, “Dayaruşka”, “Wellington”, “Novaya Zemilya”, “No 47” və s. yağların heç biri Yeni Zellandiya istehsalı deyil. Yeni Zellandiyaya məxsus yalnız 3 brend Westgold, Golden Crown, Anchor yağları ölkəmizdə satılır.

Mövzu ilə bağlı qida eksperti Amalya Rəhimova SİA-ya açıqlamasında bildirdi ki, əsl kərə yağının üzərində “82% təbii inək südündən hazırlanmış kərə yağı” ifadəsindən başqa heçnə yazılmalı deyil. Onun sözlərinə görə, məhsulun üzərində “kərəli yağ”, “kərə və bitki yağı tərkibli”, “kərə dadlı yağ” və s. sözlər yazılıbsa, bu yağlar kərə yağları deyil:
“Təssüfki bəzi yağların tərkibi düzgün göstərilmir. Ən acınacaqlısı isə odur ki, artıq istehsalçı istehsal etdiyi məhsulun tərkibinin düzgün yazılmamasına görə məsuliyyət daşımır. Qeyd etdiyim kimi təbii kərə yağının tərkibində inək südündən başqa heçnə olmalı deyil. İstehlakçılar məhsul alarkən, mütləq məhsulun tərkibinə diqqət etsinlər. Birdə tanınmış brendlərin məhsullarını alsınlar” deyə o bildirib.

İqtisadçı Natiq Cəfərli isə SİA-ya açıqlamasında bildirdi ki, ölkədə kərə yağı təlabatı yerli istehsal hesabına ödənmir. Onun sözlərinə görə, ölkəmiz kərə yağına olan təlabatın 90%-ni idxal hesabına ödəyir: “Düşünürəm ki, ölkəyə kərə yağı idxal edən müstəqil sahibkarlar bazara buraxılmalıdır. Birdə qiymətləri aşağı salmaq üçün kərə yağı gömrük rüsumundan azad olunmalıdır. Bütün bunlardan sonra biz kərə yağlarının qiymətinin aşağı düşdüyünü müşahidə edə bilərik” deyə o bildirib.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə