Dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün seminar keçirilib - FOTOLAR

Bakı Şəhəri üzrə Maliyyə İdarəsində dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün növbəti maarifləndirici seminar keçirilib. Maliyyə Nazirliyindən SİA-ya bildirilib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı, “Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası” və “Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası” ictimai birliklərinin tərəfdaşlığı ilə keçirilən seminarda dövlət sektorunda mühasibat uçotunun aparılması qaydaları, hesabatlılıq mexanizmləri və beynəlxalq təcrübəyə əsaslanan maliyyə idarəçiliyi prinsipləri haqqında geniş məlumat verilib. Həmçinin, dövlət büdcəsi vəsaitlərinin səmərəli və şəffaf idarə olunması, risklərin azaldılması və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə təqdimatlar keçirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Mühasiblərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirin növbəti hissəsi isə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Mövzu ilə əlaqədar çıxışlarda ölkəmizin davamlı iqtisadi inkişafı və maliyyə sisteminin dayanıqlığının təmin olunmasında maliyyə orqanlarının rolundan danışılıb.

Sonda tədbir iştirakçılarına sertifikat proqramı çərçivəsində təlimat, metodik vəsaitlər, eləcə də peşəkar fəaliyyətlərini dəstəkləyəcək əlavə materiallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə