“Enerji resurslarının səmərəli istifadəsi və enerji effektivliyi prioritet məsələdir” - Vüqar Bayramov

“Milli Məclisin payız sessiyasının plenar iclasında "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. SİA xəbər verir ki, məsələ ilə bağlı çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, texnologiyaların tətbiqi və inkişafı Azərbaycanda enerji sektoru siyasətinin əsas prioritetlərindən biridir.

Deputat qeyd edib ki, Azərbaycan həm enerji keçidi, həm də enerji resurslarının səmərəli istifadəsi istiqamətində ardıcıl və kompleks siyasət həyata keçirir: “Bölgədə enerji sahəsində həm sərmayə cəlb etmə baxımından, həm də ‘yaşıl enerji’ siyasətinə keçid istiqamətində Azərbaycan ən uğurlu və şəffaf siyasət yürüdən dövlətlərdəndir. Məsələn, təkcə son illərdə bu sektora 1 milyard dollardan artıq xarici sərmayə cəlb olunub”.

V. Bayramov qanun layihəsinin 17-ci maddəsi ilə bağlı məsələyə toxunaraq bildirib ki, “Tikinti normalarında enerji resurslarının səmərəli istifadəsi və enerji effektivliyi üzrə tədbirlər”də “əsas” və “köməkçi təminat” anlayışlarının fərqləndirilməsi praktik tətbiqdə çətinlik yarada bilər: “Xarici təcrübə nəzərə alınaraq, həmin müddəalarda daha konkret və ölçülə bilən ifadələrdən istifadə olunması məqsədəuyğundur. Xüsusilə 17.3-cü maddədə konkret limitlərin müəyyənləşdirilməsi praktik tətbiqi asanlaşdırar və enerji effektivliyinə nəzarəti gücləndirərdi”.

Deputat həmçinin qanun layihəsində istisna binalarla bağlı məsələyə toxunub: “İstisnalar siyahısına satış üçün nəzərdə tutulan binalar da daxil edilməlidir. Belə binaların pasportlaşdırılması həm vaxt, həm də əlavə prosedur tələb edir və biznes mühitinin inkişafına əlavə yük gətirir. Bu baxımdan, istisnalar siyahısının daha dəqiq müəyyənləşdirilməsi və normativ baxımdan aydınlaşdırılması məqsədəuyğundur”.

Bütün xəbərlər Facebook səhifəmizdə