Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi iki dəfə artıb

Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 2 dəfə artıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın “GazTrade” şirkətinin icraçı direktoru Aynur Amirbekova Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, “GazTrade” şirkəti Qazaxıstanın Ticarət Nazirliyi nəzdində fəaliyyət göstərir.

“Qazaxıstan Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Çalışırıq ki, tərəfdaşlığımız uzunmüddətli olsun. Bizim əməkdaşlıq qurduğumuz ölkələrlə ticarət dövriyyəmiz ildən-ilə artır. Biz Çin bazarında ticarətin regionlaşdırılmasını bacarmışıq. Eyni zamanda, Azərbaycanın Asiya bazarına inteqrasiyasına kömək etməyə hazırıq. Kiçik və orta bizneslərin inkişafı bizim üçün çox vacibdir. Biz fərqli ölkələrlə ticarətin inkişafında birbaşa maraqlıyıq. Çalışırıq ki, qadın sahibkarları beynəlxalq bazara da inteqrasiya edək. Biz Azərbaycan məhsullarının Qazaxıstanda sərgisini təşkil edə bilərik. Elektron ticarətlə məşğul olan şirkətlərlə əməkdaşlıq edirik”, - deyə şirkətin icraçı direktoru qeyd edib.

"Tigrus" Restoran Holdinqinin inkişaf direktoru Malxaz Alasaniya isə Azərbaycan və Qazaxıstanın biznes baxımından çox maraqlı ölkə olduğunu bildirib və vurğulayıb ki, dünya mətbəxini bu ölkələrə gətirmək istəyirlər: “Hazırda “ağıllı restoran” şəbəkəsinin qurulması istiqamətində işlər görürük. Avrasiya regionunun bu sahədə böyük potensialı var. Bu regionda əhali sayı çoxdur və françayzinqə olan maraq ildən-ilə artır. Eyni zamanda, burada investisiya üçün çox yaxşı mühit var”.

Bütün xəbərlər Facebook səhifəmizdə