“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun 4-cü iclası keçirilib. Energetika Nazirliyindən SİA-ya bildirilib ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamı ilə yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi qrupunun ötən dövr ərzində fəaliyyətindən bəhs edib. Bildirilib ki, bu müddətdə Alt İşçi qrupun 3 iclası, mütəxəssislərindən ibarət Ekspertlər qrupunun isə 5 iclası keçirilib. İntensiv görüşlər nəticəsində Strategiyanın Tədbirlər Planı layihəsinin hazırlanması, hədəf indikatorları, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və maliyyələşmə məsələləri müzakirə edilib. Bu müzakirələr Tədbirlər Planı layihəsinin yekunlaşdırılmasına öz töhfəsini verib.

İclasda “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı layihəsinin yekun variantı təqdim edilib. Qeyd olunub ki, "Yaşıl eneri" məkanı məqsədi üzrə 5 əsas hədəf indikatoru, 7 fəaliyyət istiqaməti, 45 tədbir və 17 icraçı qurum müəyyən olunub. Hər bir fəaliyyət istiqaməti üzrə nəzərdə tutulan tədbirlər, icraçı qurumlar və icra müddəti barədə məlumat verilib, tədbirlərin icrası üzrə maliyyələşmə mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Rəylər nəzərə alınmaqla Tədbirlər Planı layihəsi məqbul hesab edilib və yekun layihənin tezliklə aidiyyəti üzrə təqdim edilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə