Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda toxum sərgi-satış yarmarkaları uğurla davam etdirilir. Nazirlikdən SİA-ya bildirilib ki, növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası Şəki şəhərində təşkil edilib.

Tədbirin əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sektorun dinamik inkişaf etdiyini vurğulayıb. O, fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumlarla təmin olunması, innovativ texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında festival və sərgi-satış yarmarkalarının regionlarda toxumçuluq sahəsinin inkişafına təkan verdiyini, fermerlərin keyfiyyətli toxum materiallarına daha rahat çıxış imkanlarına malik olduğunu və aqrar sahibkarlar arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşdığını vurğulayıb.

Sərgi çərçivəsində Şəki şəhərindən toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də yerli fermerlər məhsullarını nümayiş etdiriblər. Festival zamanı iştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumatlar təqdim olunub, habelə təlimlər keçirilib.

Festival iştirakçılarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilmiş vahid stenddə regionun aqroiqlim və torpaq şəraitinə uyğun tövsiyə olunan toxum növləri, o cümlədən “Yubiley 90”, “Mətin”, “Əsgəran”, “Arsenal”, “Lider” və “Ləyaqətli 80” yumşaq buğda sortları və “Dəyanətli”, “Cəlilabad 19”, “Sadiq”, “İdra” və digər arpa növləri təqdim olunub.

Festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Vüqar Hacıəhmədzadə tərəfindən “Payızlıq taxıl əkinlərində sertifikatlı toxumlardan istifadə” mövzusunda təlim keçirilib. Təlimin məqsədi payızlıq taxıl sahəsində fermerlərin bilik və bacarıqlarını artırmaq, innovativ yanaşmaları tətbiq etmələrinə dəstək verməkdir.

Təlim zamanı iştirakçılara sertifikatlı toxumların seçilməsi və tətbiqi, məhsuldarlığın artırılması üçün düzgün texnologiyaların tətbiqi, eləcə də regionun aqroiqlim şəraitinə uyğun əkin üsulları barədə ətraflı məlumat verilib. Təlimdə fermerlər və toxum istehsalçıları birbaşa mütəxəssislərlə müzakirələr apararaq praktik tövsiyələr alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə