Kiçik və orta biznesin rəqəmsallaşması və süni intellektə inteqrasiyası prioritet istiqamətdir - KOBİA sədri

Bu gün rəqəmsallaşmanın və süni intellektin tətbiqi artıq biznes gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Bununla belə, kiçik və orta sahibkarlıq subyektləri (KOB-lar) bu istiqamətdə müəyyən çətinliklərlə üzləşir. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təxminən 99,7 faizi kiçik və orta biznes subyektləridir. Bu səbəbdən onların rəqəmsallaşma və süni intellektə uyğunlaşması dövlət üçün strateji əhəmiyyət kəsb edir. Lakin məlumdur ki, KOB-ların çoxu məhdud maliyyə resurslarına malikdir və bu, onların innovasiyalara keçidini ləngidir. SİA xəbər verir ki, bu fikirləri DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda “Rəqəmsal dövlət və süni intellektlə transformasiya” panel sessiyasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov çıxışı zamanı səsləndirib.

O ölkədə kiçik və orta biznes subyektlərinin rəqəmsal transformasiyası və süni intellekt texnologiyalarına inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarlar bu prosesdə daha çox çağırışlarla üzləşirlər. Rəqəmsal bacarıqların zəifliyi, ixtisaslı kadr çatışmazlığı və texnoloji resursların məhdudluğu bu sahədə əsas problemlərdəndir: “Böyük şirkətlərlə müqayisədə kiçik və orta biznes subyektlərinin süni intellekt və rəqəmsallaşma texnologiyalarını tətbiq etməsi daha çox dəstək və maarifləndirmə tələb edir. KOBİA bu istiqamətdə sistemli iş aparır. Agentlik regionlarda yerləşən KOB inkişaf mərkəzləri vasitəsilə sahibkarlara rəqəmsal bacarıqların artırılması, süni intellekt texnologiyalarının tətbiqi və innovasiyaların idarəolunması istiqamətində təlimlər və məsləhət xidmətləri təqdim edir. Məqsədimiz odur ki, kiçik və orta biznes subyektləri bu prosesdə geri qalmasın və rəqəmsal iqtisadiyyatın fəal iştirakçısına çevrilsin”.

Orxan Məmmədov vurğulayıb ki, KOBİA-nın Startap İnkişaf Mərkəzi də innovativ sahibkarlığın dəstəklənməsində mühüm rol oynayır. Mərkəz süni intellektlə çalışan startapları və innovativ sahibkarları bir araya gətirir, onlara praktiki dəstək göstərir və beynəlxalq təcrübənin tətbiqinə şərait yaradır:”Startapların sertifikatlaşdırılması mexanizmi çərçivəsində innovativ və texnoloji yönümlü sahibkarlara “startap şəhadətnaməsi” təqdim edirik. Bu sənəd sahibkarlara üç il müddətinə gəlir vergisindən azadolma imkanı yaradır və onların fəaliyyətə başlamasını stimullaşdırır”.

KOBİA sədri vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt texnologiyalarının geniş tətbiqi kiçik və orta biznesin məhsuldarlığını artıracaq, iqtisadiyyatın innovativ inkişafına təkan verəcək və Azərbaycanın rəqəmsal gələcəyinin formalaşmasına mühüm töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə