"Baş verən proseslər ölkəmizin iqtisadi kursuna birbaşa təsir göstərir" - ŞƏRH EDİLDİ

“Azərbaycan iqtisadiyyatı son illərdə mühüm nailiyyətlər əldə etsə də, qlobal dəyişikliklər fonunda yeni çağırışlarla da üz-üzədir. Qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və iqtisadi dayanıqlığın artırılması bu çağırışların mərkəzində dayanır. Neft gəlirlərinin azalması ehtimalı, dünya bazarlarında enerji qiymətlərinin dəyişkənliyi və beynəlxalq ticarət sistemindəki qeyri-sabitlik Azərbaycan üçün iqtisadi siyasətdə daha çevik və strateji yanaşma tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dünya iqtisadiyyatında baş verən proseslər ölkəmizin iqtisadi kursuna birbaşa təsir göstərir: “Qlobal inflyasiya, enerji keçidi siyasəti, texnoloji yenilənmələr və beynəlxalq bazarlarda rəqabətin güclənməsi Azərbaycanın iqtisadi gündəliyində yeni istiqamətlərin formalaşmasına səbəb olur. Bu reallıq fonunda Azərbaycan həm regionda, həm də beynəlxalq miqyasda iqtisadi sabitliyin nümunəsinə çevrilib. İnvestisiya mühitinin yaxşılaşdırılması, sənaye parklarının yaradılması, aqrar və turizm sektoruna dövlət dəstəyinin artırılması iqtisadi siyasətin əsas prioritetləri sırasındadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın dayanıqlığını möhkəmləndirir, iqtisadi təhlükəsizliyi təmin edir. Azərbaycanın “yaşıl enerji” sahəsində atdığı addımlar, logistika və nəqliyyat sahəsində genişlənən əməkdaşlıq ölkəmizin regional iqtisadi mərkəzə çevrilməsini təmin edir.

Bu gün qarşıda duran əsas məqsəd qlobal dəyişikliklər fonunda iqtisadi artımı qoruyub saxlamaq və onu sosial rifahın yüksəlişinə yönəltməkdir. Azərbaycanın iqtisadi siyasəti artıq təkcə enerji resurslarına əsaslanmır, o, bilik, texnologiya və innovasiyalara söykənən yeni mərhələyə qədəm qoyur. Bu da ölkəmizin gələcək inkişafının davamlı olacağına inam yaradır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə