7 illik güzəşt müddəti bitir: Bəs, vergi faizi nə qədər olacaq? - İQTİSADÇI AÇIQLADI

"Qeyri-neft sektorunda çalışanlarda əmək haqqının gəlir vergisi hissəsində 8–10 manata qədər hər hansı bir ödəniş tətbiq olunmurdu, yəni vergi güzəşti tətbiq olunurdu. Bu güzəşt də, 2025-ci ilin sonuna qədər qüvvədədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, hər hansı bir mexanizm tətbiq edilməzsə, 2026-cı ilin əvvəlindən neft sektorunda olan mexanizmlər qeyri-neft sektoruna da tətbiq olunacaq: "Əgər bu güzəştlər uzadılmasa, əmək haqqının gəlir vergisi hissəsində tətbiq olunan güzəştlərin qüvvədən düşməsi bir sıra sahələrdə bahalaşma və inflyasiya ilə nəticələnə bilər. Bilirsiniz ki, hər hansı bir məhsul xidmətinin yekun qiymətini formalaşdıran əsas amillərdən biri də onun maya dəyəri — vergi, sosial ödənişlər, əməkhaqqı və s. olur.

Əvvəllər əməkhaqqı məsələsində işəgötürən və işçi müəyyən məbləğ üzərində razılaşırdı. Vergi və sosial ödənişlərin bir hissəsi işçinin maaşından, bir hissəsi isə işəgötürən tərəfindən ödənilirdi. Təşkilat bir növ agent funksiyasını daşıyırdı — yəni həmin ödənişləri tutur və aidiyyəti qurumlara yönəldirdi. Əməkdaş isə əsasən net maaşla maraqlanırdı. Əgər bu güzəştlər aradan qalxarsa, bəzi sahibkarların işçilərin gəlirlərini gizlətmək cəhdləri arta bilər. Bu kimi hallar əvvəllər də müşahidə olunmuşdu. Bunu tənzimləmək üçün konkret mexanizmlər tətbiq olunmalıdır. Dövlət qurumları isə bu güzəştlərin müddətinin bitməsinə bir-iki ay qalsa da hələ də rəsmi açıqlama verməyiblər. Düşünürəm ki, artıq bu məsələ ilə bağlı açıqlama verilməsinin vaxtı çatıb".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə