Astanada Qazaxıstan -Azərbaycan Biznes Forumu keçirilib

Astanada “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, forum İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkətin nümayəndəsi iştirak edib.

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Azərbaycanla münasibətlərin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını vurğulayıb. O bildirib ki, ticarət əlaqələrinin genişləndirilməsi əməkdaşlığın əsas istiqamətlərindən biridir və bu sahədə logistika xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Qazaxıstan və Azərbaycan Avrasiya ticarət zəncirinin mühüm iştirakçılarıdır və qarşılıqlı nəqliyyat bağlantılarının gücləndirilməsi regionda yükdaşımaların həcmini artıracaq.

İqtisadiyyat nazirinin müavini Anar Axundov qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələr son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. Bildirilib ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə təxminən üç dəfə artaraq 2025-ci ilin yanvar–sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb. Nazir müavini, həmçinin ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar barədə məlumat verib.

Forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “KAZAKH INVEST” Milli Şirkətinin İdarə Heyətinin sədri Sultanqali Kinjakulov, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Aytmuxammed Aldajarov, “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Farxat Sarkeseyev, Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin sədri Nurtas Karipbayev və “Azerconnect Group” şirkətinin baş direktorunun müavini İlqar Nəhmədov çıxış ediblər.

Natiqlər ölkələrimizin investisiya iqlimi, biznes üçün yaradılan əlverişli şərait, tətbiq edilən güzəştlər və imtiyazlar, göstərilən xidmətlər, sənayenin rəqəmsallaşdırılması və süni intellektdən istifadənin əhatə dairəsinin genişləndirilməsi kimi mövzulara toxunublar.

Tədbir çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada “KOB evi” modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən sənədlər imzalanıb.

Forumun sonunda B2B və B2C formatlarında görüşlər keçirilib, həmçinin Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə