Gəncədə “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Gəncə şəhərində yerləşən 12 saylı regional bölməsində (Samux, Gəncə, Goranboy, Göy-göl, Naftalan, Daşkəsən) ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, görüşdə 26 ixracatçı şirkətin 35-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbir zamanı iştirakçılara malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulu və onun funksionallığı barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində “Mənşə sertifikatı” alt modulundan istifadə qaydalarını əks etdirən videoçarx nümayiş olunub, moduldan istifadənin ixracatçılara verdiyi üstünlüklərdən bəhs edilib. İxracatçıların bu istiqamətdə müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.

Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər hibrid formada olmaqla İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada və Keyfiyyət informasiya sisteminin “E-xidmətlər” bölməsi vasitəsilə tam elektron qaydada qəbul edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə