AXA 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə edib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi toxum, ting və digər əkin materiallarının sertifikatlaşdırılma xidmətlərinin həyata keçirilməsi üçün AZS ISO/ IEC17065:2021 “Uyğunluğun qiymətlənədirilməsi – məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşmasını aparan orqanlara dair tələblər” standartına uyğun akkreditasiya olunub. Mərkəz bütün kənd təsərrüfatı bitkiləri üzrə ümumilikdə 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə edib. Bu barədə SİA-ya AXA-dan məlumat verilib.

Bildirilib ki, bu sertifikatlaşdırma prosesi uyğunluğu təsdiqləyərək, yerli istehsalçıların məhsul keyfiyyətinə etibarını artırır, daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. Kənd təsərrüfatı məhsullarının mənşəyi, keyfiyyəti və təhlükəsizliyinin təmin olunmasına, həmçinin aqrar sahədə xidmətlərin etibarlı və şəffaf qiymətləndirmə mexanizmlərinin tətbiqini təmin edir. Bu nailiyyət ölkəmizdə toxumçuluq və bitki istehsalında keyfiyyətə nəzarətin gücləndirilməsi, beynəlxalq tanınan standartların tətbiqi və aqrar sahədə idarəetmə mexanizmlərinin genişlənməsi baxımından mühüm addım hesab olunur.

Qeyd edək ki, ISO/IEC 17065 – məhsul sertifikatlaşdırması aparan qurumlara tətbiq olunan bazal beynəlxalq standartdır və uyğunluğun qiymətləndirilməsində yüksək etimad səviyyəsini təmin edir. Bu standartın tətbiqi toxumların keyfiyyət göstəricilərinə, sort təmizliyinə, cücərmə qabiliyyətinə, nəmliyinə, xəstəliklərə davamlılıq və fitosanitar təhlükəsizlik tələblərinə uyğunluğunu elmi əsaslarla təsdiq etməyə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə