17 illik maneədən sonra qəbul olunan Rəqabət Məcəlləsi niyə işləmədi? - AYDINLIQ GƏTİRİLDİ
“Rəqabət məcəlləsi qəbul olunsada normal şəkildə işləmədi. Bununla bağlı insanların, iş adamlarının əsasəndə kiçik orta sahibkarlıqla məşğul olan vətəndaşların haqlı olaraq iradları var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə iradlar ondan ibarətdir ki, inhisarçı sayıla biləcək şirkətlərin təsnifatı və təsbit olunmasında problemlər var:“Qanunvericiliyə görə bazarın 30%-dən çoxuna nəzarət edən şirkət inhisarçı hesab olunur. Bura təbiiki təbii inhisarçılar daxil deyil. Məsələn, işıq, qaz, su təsərrüfatı ilə məşğul olan dövlət şirkətləri aid deyil. Söhbət kommersiya müəssisələrindən gedir. Kommersiya şirkətləri isə çox vaxt öz fəaliyyətini bir neçə şirkətə bölsədə faktiki olaraq bir mərkəzdən idarə olunur. Antiinhisar qanunvericiliyi bu şirkətlərin əslində qarşısını almalıdır.
Təssüfki bu istiqamətdə ciddi bir irəliləyiş yoxdur. İstehlakçı Hüquqlarının qorunması məsələsinə gəldikdə isə bununla bağlı İstehlakçı Hüquqlarının qorunması ilə məşğul olan dövlət qurumu var. Dünya praktikası göstərir ki, istehlakçılar öz hüquqlarını özləri qoruyanda daha effektiv olur.
Ölkədə elə bir sadə qanunvericilik və sadə prosedurlar yaradılmalıdır ki, vətəndaş özü nəzarətçiyə çevrilsin. Yəni məsələn, marketdə vaxtı keçmiş, keyfiyyəti aşağı olan məhsullarla bağlı özü məlumat verərək və özüdə sübut edərək kompensasiya almaq hüququna malik olmalıdır. Misal üçün, ABŞ-da istehlakçı bir restoranda və ya mağazada keyfiyyətsiz bir məhsul təsbit edib, özünə dəyən zərəri sübut edirsə on minlərlə, yüzminlərlə dollar məbləğində kompensasiya alır. Ölkəmizdə bu sistemə keçmək lazımdır ki, istehlakçılar özləri öz hüquqlarını qoruya bilsinlər”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə