AzMİ nümayəndələri Çin Metrologiya İnstitutunda olublar - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Çinə işgüzar səfər ediblər. Agentlikdən SİA-ya bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Çin Metrologiya İnstitutunun (NIM) rəhbər şəxsləri ilə görüş keçirib.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin tərəflər arasında “Standart Nümunə Materialları” (Standard Reference Materials) sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu sahədə ölkəmizin potensialının gücləndirilməsi, NIM-in standart nümunələrin tədarükü, istehsalı və tətbiqi üzrə qabaqcıl təcrübələrinin öyrənilməsi məsələlərinə diqqət çəkilib.

Bundan əlavə, NIM-in dəstəyi ilə AzMİ-də müvafiq laboratoriyaların yaradılması, müştərək elmi-tədqiqat və texniki layihələrin həyata keçirilməsi, mütəxəssislərin hazırlanması və təlim proqramlarının təşkili istiqamətində əməkdaşlıqlar nəzərdən keçirilib. Həmçinin “Yüksək gərginlik ölçmələri və kalibrlənmə” laboratoriyasının yaradılması ilə bağlı Çin tərəfinin texniki infrastruktur və təminat imkanları barədə məlumat əldə olunub.

Daha sonra nümayəndə heyəti NIM-in kütlə, təzyiq, fotovoltaik, üzvi və qeyri-üzvi kimya laboratoriyaları, habelə Nümunəvi Materiallar üçün Araşdırma və İdarəetmə Mərkəzi (Center for Reference Materials Research and Management) ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə