Üç texniki reqlament layihəsinin ictimai dinləmə və müzakirəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Ətriyyat-kosmetika məhsullarının təhlükəsizliyi haqqında”, “Sintetik yuyucu vasitələrin və məişət kimyası mallarının təhlükəsizliyi haqqında”, “Tütün məhsulları və analoji məmulatlar haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə http://bit.ly/3KV7Mvd linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, texniki reqlament layihələri agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində də yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə