Azərbaycanda biznes mühiti sabit olaraq qalır, lakin sahibkarlar arasında ehtiyatlı nikbinlik hökm sürür. SİA-nın verdiyi məlumata görə, bu barədə "Deloitte" şirkətinin "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib.
Azərbaycanda keçirilən "Biznes etimadı sorğusu"nun 2024-cü il nəticələri göstərir ki, sahibkarlar gəlir artımı ilə bağlı ehtiyatlı, lakin nikbin gözləntilərə malikdir. Respondentlərin 52,5 %-i növbəti 12 ayda gəlirin qismən artacağını, 25 %-i dəyişməyəcəyini, 12,5 %-i azalacağını, 10 %-i isə əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır. Bundan başqa, sorğuda iştirak edən şirkətlərin 47,5 %-i əməliyyat xərclərinin qismən artacağını gözləyir. Respondentlərin 30 %-i əməliyyat xərclərinin dəyişməyəcəyini, 12,5 %-i qismən azalacağını, 10 %-i isə əhəmiyyətli dərəcədə artacağını bildirib.
Sorğuya əsasən, əməliyyat mənfəətinin qismən azalacağını düşünən şirkətlərin sayı əvvəlki illə müqayisədə artaraq, 47,5 %-ə yüksəlib. Ötən il bu rəqəm 37 % olub. Bu, bizneslərin gəlirlilik baxımından daha ehtiyatlı davranmağa başladığını göstərir. Şirkətlərin 32,5 %-i əməliyyat mənfəətinin dəyişməyəcəyini, 20 %-i qismən artacağını proqnozlaşdırır.
Respondentlərin 60 %-i əmək haqlarının qismən artacağını gözləyirlər. Şirkətlərin 55 %-i isə kapital dəyərinin qismən artacağını proqnozlaşdırır.
Siyasi və iqtisadi mühitlə bağlı qeyri-müəyyənlik orta səviyyədə qiymətləndirilib - 62,5 %. Respondentlərin 65 %-i riskli qərarların qəbul olunması üçün 2024-cü ilin uyğun vaxt olmadığını bildiriblər.
Əsas risk amilləri sırasında inflyasiya, maliyyələşmə çətinlikləri və tələbin azalması öndə gəlir. Şirkətlərin 70 %-i maliyyələşmə problemlərinin orta və ya yüksək təsirə malik olduğunu qeyd ediblər. Təchizat zəncirindəki pozulmalar da diqqət çəkir. Şirkətlərin 27,5 %-i təchizat zəncirindəki pozulmaların onlara ciddi təsir göstərdiyini qeyd edib.
Hesabata əsasən, sorğunun nəticələri göstərir ki, Azərbaycanda biznes mühiti sabit, lakin ehtiyatlı optimizm mərhələsindədir. Şirkətlər gəlir artımını gözləsə də, mənfəət marjasına təsir edə biləcək risklər və xərclərin yüksəlməsi onlarda narahatlıq yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə