Bakıda 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayır

Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr - 9 noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. Nazirlikdən SİA-ya bildirilib ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edəcək. İştirakçılara yerlər fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada ayrılıb. Qeydiyyat prosesi 5-7 sentyabr tarixlərində bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçirilib. Yarmarkaya yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2025-ci il sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyan etmiş fermerlərin müraciətləri qəbul edilib. Yarmarkada ümumilikdə 100 tondan çox bal və 15-dən artıq müxtəlif növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə tutulur.

Satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz olunub. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab verməyən məhsullar satışa buraxılmayıb.

Yarmarkada bu il bir sıra yeniliklər də tətbiq olunacaq. “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fermerlərə satış zamanı ödənişsiz qablaşdırma və brendləşmə dəstəyi göstəriləcək.

Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə