“İşsizlik şəxsin sosial mühitdə passivləşməsinə səbəb olur” - ŞƏRH EDİLDİ
“İşsizlik yalnız iqtisadi göstərici deyil, həm də sosial və psixoloji məzmun daşıyan mühüm ictimai problemdir. Məşğulluq insanın cəmiyyətə inteqrasiyasının əsas formalarından biri hesab olunur. İşlə təmin olunmuş şəxs əmək kollektivinə daxil olur, sosial əlaqələr qurur və ictimai həyata aktiv şəkildə qatılır. Lakin işsiz qalan fərd bu proseslərdən kənarda qalaraq sosiallaşmanın mühüm mərhələlərini itirir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, işsizliyin ilk təsiri maddi sahədə özünü göstərir: “Gəlir mənbəyinin olmaması insanın sosial və mədəni tədbirlərdə iştirak imkanlarını məhdudlaşdırır, təşəbbüskarlığını azaldır. Bu isə zamanla şəxsin cəmiyyətdən uzaqlaşmasına, sosial təcridə məruz qalmasına gətirib çıxarır.
İşsizlik eyni zamanda psixoloji təsirlər yaradır: insanın özünəinamı azalır, dəyərsizlik hissi formalaşır, bu da onun sosial mühitdə passivləşməsinə səbəb olur. Nəticədə işsiz şəxs sosial inteqrasiyadan kənarda qalır və cəmiyyətlə əlaqələri zəifləyir.
Bundan əlavə, işsiz valideynlərin övladları da sosial və mədəni fəaliyyətlərdə iştirak baxımından məhdudiyyətlərlə üzləşirlər. Belə ailələrdə uşaqların təhsil imkanları da nisbətən aşağı olur. Bu vəziyyət gələcək nəsillərin sosial inteqrasiyasına da mənfi təsir göstərir.
Digər tərəfdən, işsizlik sosial əlaqələrin daralmasına səbəb olur. İnsanlar çox vaxt yeni iş imkanlarını sosial əlaqələr vasitəsilə tapırlar. Əlaqələrin zəifləməsi isə iş tapmaq şansını da azaldır. Beləliklə, işsizlik həm səbəb, həm də nəticə kimi sosial əlaqələrin və inteqrasiyanın pozulmasına gətirib çıxarır. Nəticə etibarilə, işsizlik yalnız fərdin iqtisadi vəziyyətinə deyil, onun sosial münasibətlərinə, psixoloji durumuna və cəmiyyətə inteqrasiya səviyyəsinə də ciddi təsir göstərən çoxşaxəli bir problemdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə