Ödənişli yollar tıxacların azalmasına kömək edə bilər? - EKSPERT AÇIQLADI

"Təklif olunan yeni ödənişli yol və körpü layihələri dünya ölkələrində geniş şəkildə tətbiq olunur. Bu layihələrin icrası üçün əvvəlcə körpü layihəsinin konstruksiyası, layihə və tikinti işləri aparılmalıdır". Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, körpü hardan-haraya çəkiləcək, hansı istiqamətləri birləşdirəcək – bütün bunlar əvvəlcədən düzgün müəyyən edilməlidir: "Şəhər daxilində ödənişli yol məsələsinə gəldikdə isə, bəzi hallarda bu, tıxacların azalmasına müəyyən qədər kömək edir. Amma bu, yalnız o halda effektiv olur ki, ödənişlər həddən artıq yüksək müəyyən edilməsin. Məsələn, belə bir praktikaya Nyu-York şəhərində rast gəlinir. Həmin şəhərdə mərkəzə giriş pulludur. Gün ərzində müəyyən məbləğ ödənilir və bu, şəxsi avtomobillərlə mərkəzə daxil olmağı bahalaşdırdığı üçün sürücülər, ümumilikdə insanlar, şəxsi nəqliyyatdan az istifadə edir, daha çox ictimai nəqliyyata üstünlük verirlər. Bu tip təcrübələr göstərir ki, Azərbaycan bu sahədə ilk ölkə deyil. Dünyada artıq bu kimi sınaqlardan keçmiş, nəticəsi öyrənilmiş təcrübələr mövcuddur. Buna görə də düşünürəm ki, tələsmədən, müəyyən müddət gözləyib nəticələrə baxmaq lazımdır. Hazırda bu tədbirlərin yüz faiz effekt verəcəyini qəti şəkildə demək mümkün deyil.

Körpülər məsələsinə gəldikdə isə, indiyə qədər tikilən bəzi körpülərin o qədər də effektiv olmadığı görünür. Əksinə, bəzi hallarda həmin körpülər nəqliyyat sıxlığında əlavə problemlər yaradır. Məsələn, estakadalar üzərindən yeni istiqamətlər təklif etmək mümkündür. Mən təklif etmişəm ki, Sumqayıt yolunun yükünü azaltmaq üçün bir neçə ötürücü vasitəsilə istiqamətləndirmə aparılsın. Tutaq ki, Beynəlxalq Avtovağzal ilə Yasamal istiqaməti arasında, yaxud 9-cu mikrorayonla Binəqədi istiqamətində yol ötürücüləri quraşdırmaq və onları mərkəzi şəkildə birləşdirmək olar. Bu, Respublika Dövlət Yol Polisi qarşısından keçən prospektə birləşdirilərsə, nəticədə şəhərdaxili yük azalar. Əgər bu təkliflər həyata keçirilərsə, Bakı–Sumqayıt yolunun sıxlığını müəyyən qədər azaltmaq və nəqliyyatın axınını tənzimləmək mümkün olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə