Gələn il üçün icmal büdcənin gəlir və xərcləri açıqlanıb

2026-cı il üçün icmal büdcəsinin gəlirləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 18,8 milyon manat və yaxud 2,3 faiz çox olmaqla 44 milyard 969,4 milyon manat, ortamüddətli dövrün sonuna isə 6 milyard 472 milyon manat və yaxud 14,7 faiz çox olmaqla 50 milyard 422,5 milyon manat proqnozlaşdırılır. SİA xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icra göstəriciləri 2026-cı il və sonrakı üç il üçün son makroiqtisadi proqnozlar (ÜDM və qeyri-neft-qaz ÜDM-in artım templəri, valyuta məzənnəsi, neft-qaz hasilatı, neft qiyməti və digər) əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması” Qaydasına uyğun olaraq hər bir tədiyə növü üzrə ayrı-ayrılıqda hesablanıb.

Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsinin neft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2026-2029-cu illər üzrə 65 dollar/barrel, habelə neft-qaz sektoru üzrə proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınıb.

Qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsinə səbəb olacaqdır. Belə ki, 2029-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-cı ilin göstəricisi ilə müqayisədə 9 faiz bənd artaraq 66,4 faiz, mütləq ifadədə isə 20,1 faiz artaraq 26,6 milyard manat təşkil edəcək.

Proqnozlaşdırılan gəlir göstəriciləri, həmçinin büdcə qaydasına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti və dövlət borcunun ÜDM-ə nisbəti üzrə 2029-cu ilin sonuna hədəflənən yuxarı hədlər və bu hədlər çərçivəsində cəlb olunması mümkün olan dövlət borcunun həcmi və DNF-dən dövlət büdcəsinə illik transfertlərin yuxarı hədləri nəzərə alınmaqla resurs zərfi müəyyən edilib.

Proqnozlara əsasən resurs zərfi növbəti il 47,9 milyard manata, ortamüddətli dövrün sonunda isə 57,3 milyard manata bərabər olacaqdır.

2026-cı il üçün icmal büdcənin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 209,9 milyon manat və yaxud 2,5 faiz çox olmaqla 48 milyard 839,3 milyon manat, ortamüddətli dövrün sonuna isə 4 milyard 553 milyon manat və yaxud 9,6 faiz çox olmaqla 52 milyard 182,4 milyon manat proqnozlaşdırılır.

Eyni zamanda, 2026-cı il üzrə dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 296 milyon manat və ya 0,7 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 1 milyard 925,6 milyon manat və yaxud 4,7 faiz çox olmaqla 43 milyard 333,2 milyon manat proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsi xərclərinin 25 milyard 161,2 milyon manatı və ya 60,3 faizi cari xərclərə (2025-ci illə müqayisədə 407,3 milyon manat və ya 1,6 faiz çox), 14 milyyard 084,8 milyon manatı və ya 33,8 faizi əsaslı xərclərə (2025-ci illə müqayisədə 169,3 milyon manat və ya 1,2 faiz az), 2 milyard 457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2025-ci illə müqayisədə 58 milyon manat və ya 2,4 faiz çox) yönəldilməsi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə