Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkin mövsümündə fermerlərə dəstək məqsədilə yüksək reproduksiyalı buğda və arpa toxumu təmin edib. Bu barədə SİA-nın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, toxumlar muxtar respublikanın iqlim şəraitinə uyğundur və fermerlərin tələbatının bir hissəsini qarşılayacaq. Yeni toxumların tətbiqi məhsuldarlığın artmasına və resursların daha səmərəli istifadəsinə imkan yaradacaq. Hazırda toxumlar mərhələli şəkildə Naxçıvan Muxtar Respublikasına gətirilir və fermerlərə satışı həyata keçirilir.
“Fermerlərin əvvəlki illərin məhsulundan saxladıqları toxumlardan istifadə etməsi məhsuldarlığın azalmasına, həmçinin su və gübrə kimi resursların itkisinə səbəb olur. Buna görə də yüksək keyfiyyətli toxumların əkin materialı kimi istifadəsi əkinçiliyin inkişafı və məhsuldarlığın yüksəlməsi üçün vacibdir. Fermerlər “Naxçıvan Toxumçuluq” MMC-yə müraciət edərək toxum əldə edə bilərlər”, – deyə nazirliyin mətbuat xidməti açıqlamasında qeyd edib.
Vurğulanıb ki, bu ilin məhsulu üçün muxtar respublikada ümumilikdə 17 min 580 hektardan çox sahədə taxıl əkilib. Əkinlərdən ümumilikdə 37 min 648 tondan çox məhsul götürülüb, orta məhsuldarlıq isə 25,1 sentner/hektar olub. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məhsuldarlığın artırılması məqsədilə maarifləndirmə tədbirləri aparır, fermerlər üçün düzgün əkin texnologiyası, eləcə də aqrotexniki qulluq qaydalarına dair səyyar aqronom xidməti təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə