İşğaldan azad edilmiş ərazilərdə Belarus texnikasına xidmət göstərəcək servis mərkəzi yaradılır
Azərbaycanın traktor parkının təqribən 80 faizi Belarus istehsalı olan maşınlardan ibarətdir. Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıq uğurla davam etdirilir. SİA xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Belarus Biznes Forumunun açılışında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı məlumat verib.
O qeyd edib: “2007-ci ildən Azərbaycanda 14 mindən çox Belarus traktoru və 3 minə yaxın yük maşını yığılıb. May ayında Gəncə və Minsk avtomobil zavodları arasında sərnişin-yük avtomobillərinin komplekt hissələrinin tədarükünə dair müqavilə imzalanıb. Eyni zamanda, ehtiyat hissələrinin birgə istehsalı qurulur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında Belarus avadanlıqlarına xidmət göstərmək üçün servis mərkəzi yaradılır.
Lift avadanlığı üzrə birgə işlər artıq praktiki müstəviyə keçib. Ötən ilin oktyabrında Azərbaycanda liftlərin birgə istehsalı və satışına dair müqavilə imzalanıb. Bu il birinci mərhələdə 200 liftin yığılması nəzərdə tutulub”.
Azərbaycanın yüksək investisiya potensialına toxunan T.Hacılı deyib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı bərpa layihələri həyata keçirilir. “Ağıllı” inkişaf konsepsiyasına uyğun olaraq qəsəbələrin tikintisi aparılır. Qarabağ yaşıl enerji zonası elan edilib, bərpaolunan enerji mənbələrinə xüsusi diqqət yetirilir. İnvestisiya cəlbediciliyinin artırılması məqsədilə vergi güzəştləri tətbiq olunub və hazırda qüvvədədir. Rezidentlər 10 il müddətinə gəlir, əmlak, habelə sadələşdirilmiş vergilərdən azaddırlar.
Artıq bu regionda Ağdam Sənaye Parkı və “Araz vadisi” İqtisadi Zonası fəaliyyət göstərir. İnvestorlar vergi güzəştləri ilə yanaşı, dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur əldə edirlər ki, bu da giriş xərclərini əhəmiyyətli dərəcədə azaldır və layihənin icrasını sürətləndirir”.
Tural Hacılı mənzil tikintisi və bununla bağlı layihələrdən danışaraq əlavə edib ki, mənzil fondunun bərpasında xarici tərəfdaşlarla, o cümlədən Belarus şirkətləri ilə müxtəlif tərəfdaşlıq modelləri işlənib hazırlanır.
“Biz, həmçinin Belarus bazarında “İstisu” mineral içkisini təşviq edirik. Müqavilə imzalanıb, laboratoriya sınaqları və Avrasiya İqtisadi İttifaqı çərçivəsində qeydiyyat başa çatıb, birinci partiya artıq ixrac edilib”, -deyə Tural Hacılı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə