Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev (DSMF) ölkəmizdə səfərdə olan Serbiyanın Pensiya və Əlillik Sığortası Fondunun (PƏSF) direktoru Relja Ognjenoviçin və Sosial Sığorta Qurumunun (SSQ) direktoru Zoran Panoviçin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb. Bu barədə SİA-ya fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə DSMF-nin İdarə Heyətinin sədri fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, ölkədə son illər ərzində həyata keçirilən sosial islahat paketləri, pensiya sistemində tətbiq olunan yeniliklər və sosial xidmətlərin elektronlaşdırılması barədə məlumat verib.
PƏSF-nin və SSQ-nin direktorları Serbiyada pensiya və sosial sığorta sisteminin strukturu, tətbiq olunan müasir texnoloji həllər, elektron xidmətlər və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə danışıblar.
Görüşdə sosial sığorta və pensiya təminatı sahəsində fikir mübadiləsi aparılıb, sosial xidmətlərin rəqəmsal transformasiyası, biznes proseslərinin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub, qurumlar arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Görüşdə Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə