Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.
SİA-nın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 32,7 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub. Ümumi istehsalın 88,6 faizi sənaye məhsullarının istehsalı, 11,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Bu ilin yanvar-sentyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 8,4 faiz, istehsal vasitələrinin istehsalı 0,9 faiz artıb, aralıq istehlak məhsullarının istehsalı 0,8 faiz, enerji məhsullarının istehsalı 1,4 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 5 faiz azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2025-ci il vəziyyətinə 849,4 milyon manatlıq hazır məhsul olub.
Ehtiyatların 54,6 faizi Bakı, 12,6 faizi Sumqayıt, 4,7 faizi Gəncə, 0,3 faizi Şirvan şəhərlərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 141,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Bütün xəbərlər Facebook səhifəmizdə