Xəzər dənizində və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə ekspedisiya başlayır

Oktyabrın 13–dən 23-dək Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçirilir. Ekspedisiya Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə reallaşır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, tədqiqat işləri “Azbioresurs” MMC-yə məxsus “SEA STAR 1” gəmisində həyata keçiriləcək. Ekspedisiya zamanı Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları, türk alimlər və Zoologiya İnstitutunun mütəxəssisləri birgə fəaliyyət göstərəcəklər.

Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyən etməkdir.

Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək.

Ekspedisiya nəticələri və təhlilləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə