Bolqarıstanın Aqrar İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqtisadiyyat İnstitutu (IAE) arasında görüş keçirilib. Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev, Aqrar İqtisadiyyat İnstitutunun direktoru, professor Bojidar İvanov və İnstitutun əməkdaşı, professor Xrabrin Başev iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, Namiq Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi haqda geniş məlumat verib, Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində, həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində rolundan danışıb. Bildirib ki, gündəlik, həftəlik və aylıq geniş analitik təhlil və hesabatlar hazırlamaqla yanaşı, ATM kənd təsərrüfatının inkişafı üçün milli strategiya və proqramların hazırlanmasında da fəal iştirak edir. Bundan əlavə, Mərkəz aqrar iqtisadiyyat sahəsində ixtisaslı kadrların yetişdirilməsi üçün doktorantura proqramına malikdir.

Direktor müavini qeyd edib ki, əməkdaşlıq, təcrübə mübadiləsi hər iki qurumun imkanlarını genişləndirəcək.

Professor Bojidar İvanov da rəhbərlik etdiyi elm ocağı barədə məlumat verərək bildirib ki, Aqrar İqtisadiyyat İnstitutu Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının struktur bölməsidir. Kənd təsərrüfatı sahəsində iqtisadi tədqiqatlar, təhlil və nəşriyyat işləri ilə məşğul olan İnstitutun fəaliyyət istiqamətləri kənd yerlərinin inkişafı, aqrar sahənin sosial və ekoloji aspektləri, qida zəncirləri və s. sahələrdə tədqiqatların aparılması, tədris-metodiki vəsaitlər və informasiya təminatı fəaliyyətləri ilə dövlətin aqrar siyasətini dəstəkləməkdir.

Dünyanın müxtəlif akademik qurumları ilə, əsasən də Avropa İttifaqı təşkilatları ilə əlaqələri inkişaf etdirdiklərini vurğulayan direktor Aqrar Tədqiqatlar Mərkəzi elmi əməkdaşlığın qurulmasını alqışladıqlarını və qiymətləndirdiklərini deyib.

Daha sonra görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, akademik heyətin təhsil və təcrübə mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin icrası və digər məsələlərlə bağlı fikirlər bölüşülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə