"Avtomatlaşdırma kütləvi işsizliyə səbəb ola bilər" - İQTİSADÇI EKSPERT DANIŞDI
"Gələcəyə getməyə ehtiyac yoxdur – artıq bu dəyişikliklərin müəyyən təsirlərini bu gün də görürük. Çox yaxın zamanda isə bir çox peşə sahiblərinin işlərini itirəcəkləri proqnozlaşdırılır. Məsələn, süni intellekt əsaslı cihazların yaradılması, xüsusilə də nağdsız ödəniş aparatları, onlayn ödəmələr və bu kimi texnologiyalar artıq bank sektorunda işsizliyə səbəb olmağa başlayıb. Vətəndaşlar indi kommunal haqları və kredit ödənişlərini banklara getmədən, onlayn şəkildə həyata keçirə bilirlər. Əvvəllər isə bu məqsədlə banklara və ya poçtlara üz tuturdular. Bu isə bank sahəsində müəyyən ixtisarlara gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə, xüsusilə də xarici ölkələrdə artıq tətbiq olunan texnologiyalar Azərbaycanda da geniş yayılarsa, market sektorunda çalışan kassir və digər işçilərin sayında da azalma olacaq: "İnsanlar özləri QR kodu oxudaraq məhsulları alacaq, yəni satıcılara da ehtiyac qalmayacaq. Bu da iş yerlərinin azalmasına səbəb olacaq. Eyni zamanda, onlayn ticarət platformalarının genişlənməsi nəticəsində ənənəvi ticarət obyektlərinin sayının azalması da müşahidə edilə bilər. Çünki insanlar artıq fiziki mağazalara getməkdənsə, onlayn alış-verişə üstünlük verirlər.
Sürücüsüz avtomobillərin tətbiqi də gələcəkdə nəqliyyat sahəsində çalışan bir çox insanların işini itirməsinə səbəb ola bilər. Bu texnologiya artıq bir sıra ölkələrdə sınaq mərhələsindən çıxaraq tətbiq olunmağa başlayıb. Gömrük sistemində də avtomatlaşdırma nəticəsində insan müdaxiləsinə ehtiyac azalacaq və ixtisarlar qaçılmaz olacaq. Bu proseslər, təbii ki, ölkə iqtisadiyyatı və əmək bazarı üçün ciddi çağırışlar yaradır. Əgər süni intellekt bir çox peşələri əvəz edəcəksə, dövlət ilk növbədə ali və peşə təhsili sahəsində bu dəyişikliklərə uyğun adaptasiyanı təmin etməlidir. Elə ixtisaslar var ki, gələcəkdə bu sahələrdə kadr ehtiyacı olmayacaqsa, həmin ixtisaslara qəbul dayandırılmalı və ya yeni, daha innovativ istiqamətlərə yönəldilməlidir. Əks halda, bu ixtisasları bitirən gənclərin əlinə sadəcə diplom keçəcək, amma real iş imkanı olmayacaq. Bu səbəbdən, artıq təhsil sistemində – həm orta məktəblərdə, həm kollec, həm də ali məktəblərdə proqramlar yenilənməlidir. Gələcəyin tələblərinə uyğun ixtisaslar yaradılmalı, süni intellekt və avtomatlaşdırılmış sistemlərə əsaslanan peşələr formalaşdırılmalıdır. Çünki bu, artıq qaçılmaz bir prosesdir və dəyişikliklərə adaptasiya məhz təhsildən başlamalıdır. Əks halda, yaxın illərdə kütləvi işsizliklə qarşılaşmaq riski çox yüksək olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə