“Azərbaycan İƏT məkanında etibarlı iqtisadi tərəfdaş və təşəbbüskar ölkə kimi tanınır” - Elnur Əliyev
“Fürsətdən istifadə edərək forumun reallaşmasında göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və aidiyyəti qurumlarına təşəkkürümü bildirirəm. Azərbaycan regionda İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrə böyük önəm verir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı səsləndirib.
Elnur Əliyev qeyd edib ki, Azərbaycan multikulturalizm, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, eləcə də İslam dəyərlərinin dünyada təbliğində mühüm rol oynayıb: “Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz əksini tapıb. 2017-ci ildə elan olunmuş "İslam həmrəyliyi ili" çərçivəsində həyata keçirilən tədbirlər də müsəlman ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib".
Nazir müavini bildirib ki, Azərbaycanla İƏT ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığı dayanıqlı şəkildə inkişaf edir: “2025-ci ilin yanvar–avqust aylarında Azərbaycan ilə İƏT ölkələri arasında ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına yaxın olub. Hazırda ölkəmizdə İƏT üzvü olan ölkələrin təqribən 11 min şirkəti fəaliyyət göstərir. Bu göstəricilər həm iqtisadi əlaqələrin dərinliyini, həm də qarşılıqlı marağın gücünü nümayiş etdirir”.
Elnur Əliyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addımlar atır: “Son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə əlverişli şərait yaradıb. 2004–2024-cü illər ərzində Azərbaycanın iqtisadiyyatına 344 milyard ABŞ dollarından çox sərmayə yatırılıb, bunun 213 milyard dollardan çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib".
Onun sözlərinə görə, bu günlərdə keçirilmiş Birinci Azərbaycan İnvestisiya Forumu çərçivəsində dəyəri 10 milyard dollardan çox olan layihələrlə bağlı sənədlərin imzalanması xarici investorların ölkəmizə olan inamını bir daha təsdiqləyir: “Qeyri-neft-qaz sektorunun ümumi iqtisadiyyatda payı artıq 68 faizə yüksəlib və ilin sonuna bu göstəricinin daha da artması gözlənilir. Özəl sektorun payı isə 81 faiz civarındadır".
Nazir müavini əlavə edib ki, Azərbaycan hazırda 43 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərə malikdir: “Davamlı islahatlar, güzəştlər və stimullaşdırıcı mexanizmlər nəticəsində ölkəmizdə biznes mühiti daha da əlverişli olub. Bu da yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına şərait yaradır".
Elnur Əliyev həmçinin vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi və logistika infrastrukturu ölkəni regional iqtisadi siyasətin strateji mərkəzinə çevirib: “Orta Dəhliz üzrə tranzit daşımaların həcmi ildən-ilə artır. Xüsusilə Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da yüksələcəyi gözlənilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış imkanı verir".
Elnur Əliyev çıxışının sonunda qeyd edib ki, Azərbaycanın sənaye zonaları, müasir nəqliyyat və rəqəmsal infrastrukturu, eləcə də insan kapitalı rəqabətqabiliyyətli məhsul istehsalı üçün möhkəm baza yaradır və ölkəmizi regionun iqtisadi liderlərindən birinə çevirir.
Bütün xəbərlər Facebook səhifəmizdə