“Halal sənayenin inkişafı istiqamətində mühüm addımlar atılır” - Qoşqar Təhməzli
“Hazırda ölkəmizdə qida təhlükəsizliyi sahəsində mövcud normativ tələblərə uyğunluğun qiymətləndirilməsi məqsədilə mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində halal təsnifatlı məhsullar da xüsusi nəzarətdə saxlanılır”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda səsləndirib.
Qoşqar Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi İnstitutu artıq Türkiyə Respublikasının Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunub və İslam ölkələrinin standartlaşdırma orqanlarının qəbul etdiyi meyarlar əsasında fəaliyyət göstərir: “Bu, halal sertifikatlaşdırma xidmətlərinin beynəlxalq səviyyədə tanınmasını təmin edir. İnstitutda halal sertifikatlaşdırma prosesində şəffaflığın və qərəzsizliyin qorunması üçün xüsusi komitələr fəaliyyət göstərir. Komitələrin tərkibinə Azərbaycan İlahiyyat İnstitutunun nümayəndələri, müstəqil qida və dini ekspertlər daxildir”.
Agentlik sədri əlavə edib ki, halal sertifikatlaşdırma prosesi dörd əsas kateqoriyanı – iri və xırdabuynuzlu heyvanların və ev quşlarının kəsimi, balıq və dəniz məhsulları, süd və süd məhsulları, yumurta və yumurta məhsullarını əhatə edir.
O bildirib ki, sahibkarların bu xidmətlərə daha rahat müraciət edə bilməsi üçün innovativ platformalar yaradılıb, halal istehsal prosesləri ilə bağlı maarifləndirici təlimlər keçirilir.
Qoşqar Təhməzli vurğulayıb ki, qarşıdakı illər üçün əsas hədəflər halal sənayenin inkişafı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və halal məhsullar barədə ictimai məlumatlılığın artırılmasıdır: “Naxçıvan Muxtar Respublikasında və işğaldan azad olunmuş ərazilərdə xəstəliklərdən azad zonaların yaradılması da bu istiqamətdə mühüm addımdır. Sahibkarları bu prosesdə fəal iştirak etməyə dəvət edirik”.
Sonda Qoşqar Təhməzli forumun iştirakçılarına və tərəfdaşlara təşəkkürünü bildirib, müzakirələrin qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə