“Azərbaycanda istehlakçı hüquqlarının qorunması dövlət səviyyəsində tənzimlənir” - DEPUTAT DANIŞDI

"İstehlakçı hüquqları təkcə qanunla deyil, vətəndaş fəallığı ilə qorunur. Azərbaycanda istehlakçı hüquqlarının qorunması dövlət səviyyəsində tənzimlənir və bu sahədə xüsusi qanun mövcuddur. Bu, onu göstərir ki, ölkədə istehlakçıların maraqlarının müdafiəsi üçün hüquqi baza artıq formalaşıb. Təbii ki, zamanla bu hüquqi baza daha da təkmilləşdirilir və reallıqlara uyğun şəkildə yenilənir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ancaq hüququn olması kifayət deyil: “Əsas məsələ vətəndaşın, yəni istehlakçının öz hüquqlarına sahib çıxmasıdır. Xidmət və ya məhsul alarkən hər hansı problem yaşanarsa, insanlar bunu görməzlikdən gəlməməli, dərhal müvafiq dövlət qurumlarına məlumat verməlidirlər. Bu, həm hüququn qorunmasına, həm də keyfiyyətli xidmət mədəniyyətinin formalaşmasına töhfə verə bilər.

Maraqlıdır ki, artıq şikayət və müraciət mexanizmləri sadələşdirilib. Vətəndaş hüququ pozulan kimi İqtisadiyyat Nazirliyi və onun nəzdindəki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rahatlıqla müraciət edə bilər. Bu isə prosesi sürətləndirir və daha effektiv nəzarətə imkan yaradır.

Eyni zamanda, ölkədə bu sahədə maarifləndirmə kampaniyalarına ehtiyac böyükdür. Çünki vətəndaş bilmədiyi hüququ qoruya bilməz. Maariflənmiş istehlakçı güclü cəmiyyətin təməlidir. Ona görə də, hər bir vətəndaş rastlaşdığı problemləri bildirməli, susmamalı və öz hüquqlarını müdafiə etməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə