Azərbaycanda ilk dəfə İslam istiqrazlarının buraxılması üçün hüquqi çərçivə hazırlanır
Azərbaycanda İslam istiqrazlarının – sukukun tətbiqi üçün hüquqi və tənzimləyici çərçivə hazırlanır. SİA-nın əldə etdiyi məlumata əsasən, layihə Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İslam İnkişaf Bankı İnstitutu (IsDBI) tərəfindən İslam maliyyəsi qrantı hesabına həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanda sukuk və digər İslam maliyyə məhsullarının buraxılışını tənzimləyən qanunvericilik bazası hazırlanacaq, maliyyə institutlarının risklərin idarə olunması sahəsində potensialı gücləndiriləcək, İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq mexanizmi yaradılacaq və yekunda ölkənin ilk sukuk emissiyası həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanın kapital bazarının hazırkı vəziyyəti qiymətləndiriləcək, Malayziya, İndoneziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin təcrübəsinə əsaslanan benchmark araşdırması aparılacaq. Daha sonra Milli Sukuk Çərçivəsi, Şəriət və korporativ idarəetmə qaydaları hazırlanacaq. Bununla bağlı tədbirlərin icrası 15 ay müddətində həyata keçiriləcək.
Qeyd edilib ki, bu təşəbbüs Azərbaycanın maliyyə sektorunda ilk dəfə İslam istiqrazlarının tətbiqini təmin etməklə, kapital axınını artırmağa, investor bazasını genişləndirməyə və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə