Sumqayıtda 208 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edib. Bu barədə SİA-ya Fonddan məlumat verilib.

Bildirilib ki, mənzillərin yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

Yeni mənzillər seçim üçün sentyabrın 12-si saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7970 kirayə müqaviləsi bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə