"İxracın artması sosial rifahı və iqtisadi sabitliyi gücləndirir" - EKSPERT ŞƏRH ETDİ

"İxracın artması bir ölkənin sosial rifahına birbaşa və dolayı təsirlər göstərir. İlk növbədə, ixracın həcminin yüksəlməsi ölkəyə əlavə valyuta axını deməkdir. Bu isə milli iqtisadiyyatın likvidliyini artırır, dövlət büdcəsinə daha çox vergi və gömrük gəlirlərinin daxil olmasına səbəb olur. Dövlət həmin vəsait hesabına sosial layihələri, infrastruktur yatırımlarını və əhalinin rifahına yönəlmiş proqramları genişləndirə bilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, ikinci mühüm amil məşğulluqla bağlıdır. İxracyönümlü istehsalın artması yeni iş yerlərinin açılmasına, əmək bazarında canlanmaya gətirib çıxarır. İnsanların gəlir səviyyəsi yüksəldikcə, onların istehlak imkanları genişlənir və bu da ümumi sosial rifahın artmasına müsbət təsir edir: "Bundan əlavə, ixracın genişlənməsi ölkənin beynəlxalq bazarlarda mövqelərini gücləndirir, xarici sərmayədarların inamını artırır. Xarici sərmayənin axını isə həm texnologiya transferi, həm də yeni bilik və bacarıqların ölkəyə gətirilməsi baxımından əhəmiyyətlidir. Əlbəttə, ixracın sosial rifaha təsiri yalnız müsbət amillərlə məhdudlaşmır. İqtisadiyyatın müəyyən sahələrinin ixraca həddindən artıq bağlı olması risklər də yarada bilər. Məsələn, xammalın qiymətində kəskin dəyişikliklər dövlət gəlirlərinə təsir göstərir və sosial layihələrin davamlılığını çətinləşdirə bilər. Buna görə də, sosial rifahın davamlı olması üçün ixracın diversifikasiyası, yəni müxtəlif sahələr üzrə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Ümumilikdə isə ixracın artması ölkənin iqtisadi gücünü möhkəmləndirməklə yanaşı, əhalinin sosial təminatına, rifah səviyyəsinin yüksəlməsinə və insanların həyat keyfiyyətinin yaxşılaşmasına müsbət təsir edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə