Azərbaycan və Qazaxıstan islam qiymətli kağızlarının tənzimlənməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi (QMBTİ) islam qiymətli kağızlarının tənzimlənməsini müzakirə edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumda təcrübə mübadiləsi məqsədilə səfərdə olan QMBTİ-nin nümayəndə heyəti ilə görüşlər keçirilib. İşgüzar səfərin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsində maliyyə sahəsində tənzimləyici qurumlar arasında peşəkar dialoqun genişləndirilməsi olub. Görüşlər zamanı AMB nümayəndələri qiymətli kağızların qeydiyyatı, İslam qiymətli kağızlarının tənzimlənməsi, həmçinin sekyuritizasiya prosesi və xüsusi maliyyə şirkətlərinin fəaliyyəti barədə məlumat təqdim edib.
QMBTİ nümayəndə heyəti emissiya prospektinin, maliyyə hesabatlarının və digər sənədlərin nəzərdən keçirilməsi və təsdiqi üçün normativ tələblər, yaşıl istiqrazlar üçün hüquqi çərçivə, korporativ qiymətli kağızların emissiyasına diferensial yanaşmanın tətbiqi, istiqrazlara zəmanət və subsidiyalar kimi mühüm mövzular üzrə təmsil etdikləri qurumun təcrübəsini bölüşüb.
Səfər mayda tərəflər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub. Memorandum maliyyə bazarının vəziyyəti və inkişafı, bazarın tənzimlənməsi və nəzarətinə dair standartlar və tələbləri, eləcə də bu sahədə innovativ mexanizmlər üzrə məlumat mübadiləsinin aparılmasını və bazar iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə