Azad olunmuş ərazilərdə hansı iqtisadi işlər görülür? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"44 günlük müharibədən sonra dövlət büdcəsindən 6 milyard manatdan çox vəsait Qarabağ iqtisadi zonasının reinteqrasiyası və inkişafına vəsait ayrılıb. İki iqtisadi zonanın salınması nəzərdə tutulmuşdur. Artıq Füzuli, Laçın və Zəngilanda hava limanlarının tikilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə həmin bölgələrin iqtisadi inkişafına, sahibkarlığın və ölkənin digər ərazilərinə reinteqrasiyasına müsbət təsir göstərəcəkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, artıq Ağdam-Xankəndi yolu işə düşür: "Həmçinin, Ağdama dəmiryolu xəttinin inşası demək olar ki, yekunlaşmaq üzrədir. Bütün bunların hamısı sözsüz ki, Qarabağda görülən işlərin bir hissəsidir. Qarabağın iqtisadi inkişafına böyük vəsaitlər, gələcəkdə investisiya qoyuluşu nəzərdə tutulub. Buraya xarici şirkətlərin və investisiyaların da cəlb olunması daxildir. Belə ki bu bölgənin böyük iqtisadi potensialı var. 600 min hektar əkinə yararlı torpaqlar, bitkiçilik, meyvəçilik, heyvandarlıq geniş turizm potensialına malikdir".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə xidmət sektorundan böyük gəlirlər əldə edilməsi nəzərdə tutulub: "Bu baxımdan hesab edirəm ki, qeyd etdiyimiz sahə emal sənayesi, kənd təsərrüfatı, qeyri-neft sektorunun və inşaat sektorunun inkişafına böyük təsir göstərəcək. Həyata keçirilən məskunlaşma bu bölgənin həm də Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) böyük töhfəsi olacaq. Qeyd etmək istərdim ki, bu ərazilərin yaşıl enerji, elektrik enerjisi potensialı da mövcuddur ki, bu da gələcəkdə həmin bölgənin texnoloji cəhətdən inkişaf etməsində, müasir infrastrukturun qurulmasında xüsusi rol oynayacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə