"Hazırda bu sahədə böyük problemlər var" - İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

“Ölkə regionlarında sahibkarlığın inkişafı ilə bağlı hökumət tərəfindən bir neçə proqram qəbul olunub. Bu proqramların müsbət tərəflərini müşahidə edirik. Lakin hesab edirəm ki, yenə də müəyyən problemlər qalmaqdadır. Bunun üçün də regionlarda yenidən təhlil aparılmalı və potensialları hesablanmalıdır. Bu ildən artıq bir neçə bölgəmiz mərkəzi büdcədən ayrılmışdır. Bu onu deməyə əsas verir ki, müəyyən rayonlarımız öz-özünü maliyyələşdirir. Bu da çox müsbət haldır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bölgələrimizin əsas problemlərindən biri örüş sahələrinin artırılması məsələsidir: “Örüş sahələrinin çox olması gələcəkdə heyvandarlığın və ölkənin ət təminatına müsbət təsir göstərir. Həmçinin, taxıl əkin sahələri genişləndirilməlidir. Dövlət bunun üçün xeyli subsidiya ayırıb. Bu, ölkənin gələcəkdə taxıl idxalı asılılığına müsbət təsir göstərəcək. Digər tərəfdən bölgələrdə sahibkarlığın inkişafı üçün emal sənayesinin və yüngül sənayenin inkişafına daha çox şərait yaradılmalıdır. Güzəştli kreditlərin təmin edilməsi, həmçinin vergi güzəştlərinin tətbiq edilməsi müsbət nəticələr doğura bilər”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, eyni zamanda, regionlarda qida sənayesinin inkişaf etdirilməsi də önəmlidir: “Gələcəkdə qida sənayesi və qida emalı sənayesinin inkişafı həm də regionlarda fermerlərimizin xarici bazarlara çıxışını təmin edə bilər. Belə ki hazırda bu sahədə böyük problemlər var. Amma hesab edirəm ki, əsasən fermerlərimiz və bölgədə fəaliyyət göstərən sahibkarlarımızın xarici bazarlara çıxışını təmin etmək üçün maarifləndirmə işləri görülməlidir. Məhsulların müvafiq standartlarla təmin edilməsi, qablaşdırılması və internet üzərindən satışının həyata keçirilməsi baxımından müəyyən addımlar atılmalıdır. Bugünkü gündə Rusiya və Ukrayna bazarlarına çıxış məhdud olduğundan regionlarda sahibkarların məhsullarını xarici bazarlara sata bilmir və bu da gəlirlərinin aşağı olmasına gətirib çıxarır. Ona görə də dövlət həm sahibkarlara təşkilati dəstək göstərməli və maarifləndirmə işləri aparmalıdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə