Murad Muradov: “Youki” XII Beynəlxalq gənclər kino festivalında olarkən 2 təklif aldım”- MÜSAHİBƏ
Kinorejissor Rüstəm İbrahimbəyovun Kino Akademiyasının tələbəsi, rejissor Murad Muradovun SİA-ya müsahibəsi:
-Bu yaxınlarda Avstriyada keçirilən festivaldan qayıtmısınız, hansı filminiz ilə orada təmsil olunurdunuz?
-Noyabr ayının 16-dan 20-nə kimi Avstriyanın Vyels şəhərində "Youki" XII Beynəlxalq gənclər kino festivalı keçirilib. Azərbaycandan həmin festivalda yalnız mən "Kənar" adlı filmim ilə təmsil olunurdum. Festivalın ikinci günündə filmim nümayiş olundu. Filmin nümayişindən sonra mən də hər bir rejissor kimi film haqqında məlumat verdim və daha sonra da tamaşaçılar mənə öz suallarını verdilər. Filmim izləyicilərin xoşuna gəldi, çünki ssenari Avropaya xas olmayan bir hadisə haqqında idi.
-Filmin ssenarisi nədən bəhs edirdi?
-Filmin ssenarisi hansısa bir cavan qızın təhsildən imtina etməsi idi. Bu hal onlar üçün çox maraqlı idi. Film 9 dəqiqəni əhatə edir. Film qızın atasının günahından məktəbə getməməsi və təhsildən imtina etməsi haqqındadır. Əsas qəhrəman anası və onun qızıdır. Hətta müxtəlif ölkələrdən olan rejissorlar mənə sual verirdilər ki, Azərbaycan kimi inkişaf edən bir ölkədə bu cür halların baş verməsi nə dərəcədə düzgündür? Mən isə cavab olaraq bildirdim ki, heç də Azərbaycanın bütün yerlərində siz düşündüyünüz kimi deyil, sadəcə olaraq bəzi bölgələrimizdə belə hallar mövcuddur.
- Festivalda təmsil olunan bu film bundan əvvəl hansısa mükafatlara layiq görülüb?
- Bu layihə Gürcüstanda "Ən yaxşı emosional film", "Ən yaxşı rejissor işi" və "Ən yaxşı diplomu" qazanıb. Bundan başqa, bu film "Azərbaycan ailəsi 2009" layihəsində II yerə layiq görülüb. Məlumat üçün bildirim ki, filmin ssenari müəllifi və rejissoru Murad Muradov, operatoru Elman Nabiyev, produsseri isə Nərgiz Əfəndiyevadır.
- Bu festivalın hansı özəllikləri vardı?
- Bu festivalın əsas özəlliklərindən biri səs vermənin tamaşaçılar tərəfindən həyata keçiriləməsi idi. Baxmayaraq ki, festivalın təyin olunan münsiflər heyəti mövcud idi, lakin filmləri tamaşaçıların səsverməsinə əsasən seçirdilər.
- Sizin festivalda təmsil olunan filminiz hansı mükafata layiq görüldü?
- Qazana bilmədim.
- Səbəbi nə idi qazanmamağınızın?
- Səs qazanmamağımın səbəbi festivalda Avstriya və alman filmlərinin üstünlük təşkil etməsi idi. MDB ölkələrindən isə Azərbaycan, Ukrayna və Sankt-Peterburq iştirak edirdi. Festivalın üstün cəhətlərindən biri də o oldu ki, orada 3 kateqoriya var idi. Belə ki, burada I kateqoriyada 9-12 yaş arası, II - 12-16 yaş, III isə 19-26 yaş arası gənclər daxil idi. Mənim təqdim etdiyim filmdə III kateqoriyaya aid idi.
-Festivaldan hansısa təkliflər almısınız?
- Festivaldan xoş təəssüratlarla qayıtmışam. Artıq 2 təklif almışam. Belə ki, həmin festivalda olarkən Avstriyanın Ebanse şəhərində təşkil olunacaq Beynəlxalq gənclər film festivalına dəvət almışam. Bu festival iyunun 12-dən 18-nə kimi keçiriləcək. Festival 39-cu beynəlxalq millətlər arası kino festival adlanır. Orada olarkən festivalın təşkilatçısı ilə görüşdüm və "Kənar" filmimi ona təqdim elədim. Bununla yanaşı, Berlində keçiriləcək "REC" beynəlxalq gənclər film festivalına da dəvət almışam. Bu festivala da "Kənar" filmim ilə dəvət almışam. Bu festivala düşünürəm ki, "O kimdir?" filmimi də təklif edim. Həmçinin ola bilsin ki, gələcəkdə Avstraliyada festivalda tanış olduğum rejissorlarla da birgə iş görək. Daha sonra alman operatoru Tobias Rahmın layihəsi üzərində çalışacağıq. Sadəcə olaraq bu layihə üçün hələ sponsor axtarırıq.
- Yeni fimlər çəkmək fikriniz var?
-Bu yaxınlarda sosial sahədə 2 videoçarx çəkmək istəyirəm. Bu filmlərdən biri qadın hüquqlarına həsr olunacaq ki, bu da qrafika üslubunda olacaq. İkincisi isə insan hüquqlarına hörmət haqqında olacaq sosial çarxdır. Digər bir filmim isə animasiya şəklində olub, uşaq zorakılığından bəhs edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə