Mədəniyyət təkcə yaradıcılıq sahəsi deyil, elmi, planlı, ölçülən sistemdir - Nizami Cəfərov
“Azərbaycan ədəbiyyatında və mədəni fikir tarixində yüksək istedada malik bir çox yaradıcı şəxs müxtəlif tarixi və siyasi səbəblərdən öz əsərlərini əsasən rus dilində qələmə alıb”.
SİA xəbər verir ki, bu fikirləri Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Azərbaycan mədəniyyəti - 2040” adlı Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş tədbirdə qeyd edib. Onun sözlərinə görə, Azərbaycan dili öz struktur zənginliyi, ifadə imkanları və estetik potensialı baxımından yüksək yaradıcı gücə malik bir dildir: “Məhz bu dil potensialı milli kimliyin, tarixi yaddaşın və mədəni özünüdərkin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Vətən müharibəsində qazanılan Zəfər təkcə hərbi-siyasi hadisə deyil, eyni zamanda güclü mədəni və ideoloji məzmun daşıyan tarixi mərhələdir. Bu reallıq yeni mədəni konsepsiyaların, strateji baxışların və intellektual yanaşmaların formalaşdırılmasını zəruri edir. “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası da məhz bu tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda meydana çıxan düşüncə məhsulu kimi dəyərləndirilir.
Akademik qeyd edib ki, müasir dövrdə mədəni proseslərin yalnız emosional və təsviri müstəvidə deyil, eyni zamanda hüquqi, institusional və metodoloji çərçivədə dəyərləndirilməsi vacibdir. Mədəniyyət hadisələrinin hüquqi müstəviyə çıxarılması onların sistemli idarə olunmasına, dövlət siyasəti ilə uzlaşdırılmasına və davamlı inkişafının təmin olunmasına şərait yaradır.
Mədəni proseslərin alqoritmləşdirilməsi və müəyyən mənada “riyazi dilə” çevrilməsi mədəniyyətin idarə olunmasında yeni yanaşmaların tətbiqini zəruri edir. Bu yanaşma mədəniyyət sahəsində ölçülə bilən meyarların müəyyənləşdirilməsinə, strateji planlaşdırmanın dəqiqləşdirilməsinə və nəticəyönümlü idarəetmə mexanizmlərinin formalaşdırılmasına imkan verir. Beləliklə, mədəniyyət sahəsi təkcə yaradıcılıq müstəvisi kimi deyil, həm də elmi əsaslara söykənən, planlı və ölçülə bilən bir sistem kimi təqdim olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB