Artıq uzun illərdir Azərbaycan mədəniyyətini Türkiyədə təbliğ edən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyi (Xarıbülbül Vizyon Teatr Birliyi Dərnəyi) ilə Türkiyə Dövlət Teatrları bir sıra layihələrin birgə icrasına başlayacaq. Bununla bağlı razılıq “Xarıbülbül” Mədəniyyət Dərnəyinin rəhbəri Kamalə Kamal ilə Türkiyə Dövlət Teatrlarının baş müdiri Tamer Karadağlının görüşündə əldə edilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə müsahibə verən Kamalə Kamal iki ölkənin mədəniyyət qurumları arasında nəzərdə tutulan layihələrin icrasına dahi Azərbaycan dramaturqu Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi ilə başlamağı planlaşdırdıqlarını deyib.
Bildirilib ki, görüşdə hər iki ölkənin milli mədəniyyətinin daha çox tanıdılması ilə bağlı birgə layihələr ətrafında fikir mübadilələri aparılıb.
On il əvvəl İstanbulda Kamalə Kamal ilə Elçin İmanovun birgə layihəsi əsasında yaradılan dərnək Türkiyə-Azərbaycan Teatrı kimi fəaliyyətə başlayıb və vaxt keçdikcə fəaliyyətini mədəniyyətin müxtəlif sahələri üzrə genişləndirib.
Teatrın bir çox çətinliklərə baxmayaraq, qazandığı uğurlar sayəsində böyüdüyünü qeyd edən Kamalə Kamal deyib: “Əvvəllər dekor, kostyum və digər xərclərimiz sənətçilərin şəxsi təşəbbüsləri ilə həyata keçirilir, öz büdcələri hesabına qarşılanırdı. Azərbaycan Rəssamlar İttifaqının üzvü Tariyel Əlizadə teatrın dizayn-dekor işlərini öz üzərinə götürdü. Getdikcə kollektivimizin sıraları genişləndi. Repertuarımız Azərbaycan diasporu, ölkəmizin İstanbuldakı baş konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, eləcə də dərnəyimizin dəstəyi sayəsində səhnəyə qoyulan tamaşaların sayının getdikcə artması ilə zənginləşdi. Hazırda birliyimiz mədəniyyətin bir çox sahələrini əhatə edir. Burada keçirdiyimiz sərgiləri xüsusi vurğulamaq istərdim. Çünki mütəmadi olaraq təşkil etdiyimiz bu sərgilərlə Azərbaycan mədəniyyətinin Türkiyədə necə böyük maraq doğurduğunu görürük. Sənədli filmlərimiz, eləcə də “Xarıbülbül” mahnı və rəqs ansamblı da türklərin rəğbətini qazanıb. Biz bunlardan ilham alaraq fəaliyyət sahələrimizi daha da genişləndirməyə çalışırıq. Əsas məqsədimiz iki ölkə mədəniyyətini bir çətir altında birləşdirərək, yeni layihələrə imza atmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə