İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb - FOTOLAR

Ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı olub. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya bildirilib ki, sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır.

Sərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev əvvəlcə Azərbaycanda dövlətin ekologiya və ətraf mühitin mühafizəsinə ayırdığı diqqətdən və müvafiq olaraq bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən verilən qərarların və sərəncamların əhəmiyyətindən danışıb.

Aparat rəhbəri açılışı olan sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib. O, qurama sənətinin qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq etdiyini, tullantı hesab olunan parça hissələrinə “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət yanaşma yaratdığını vurğulayıb. Bu yanaşmanın yalnız sənət sahəsində deyil, eyni zamanda, cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynadığını əlavə edib.

Daha sonra qonaqlar dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar.

“Qurama Art: Zamanın vəhdəti” sərgisi noyabrın 12-dək Şirvanşahlar Sarayı Kompleksində, noyabrın 15-dən 30-dək isə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə