Regional əməkdaşlıq iqlim dəyişikliyinin nəticələrini azaltmağa kömək edəcək - Professor

Nəqliyyat sahəsində regional əməkdaşlıq və güclərin birləşdirilməsi iqlim dəyişikliyinin nəticələrini azaltmağa kömək edə bilər. SİA xəbər verir ki, bunu Tbilisidəki İlia Dövlət Universitetinin Enerji Araşdırmaları Mərkəzinin rəhbəri, professor Murman Marqvelaşvili ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

M.Marqvelaşvili xatırladıb ki, dünyada istixana qazı emissiyalarının 75 %-i enerji sektorunun payına düşür: “Enerji səmərəliliyi iqtisadiyyatın demək olar ki, bütün sahələrini və insan fəaliyyətinin bütün növlərini əhatə edən çox mürəkkəb bir sahədir. Biz, məsələn, regionda ümumi yanacaq qənaəti standartlarını təyin edə bilərdik. Böyük yük və avtomobil nəqliyyatı axınlarını gözləyirik, ona görə də biz bu məsələdə razılığa gələ bilərdik. Bununla da nəqliyyat vasitələrindən olan tullantıların azaldılmasına əhəmiyyətli töhfə verə bilərik”.

O, həmçinin geniş istifadəni təşviq etmək üçün regionda daha çox enerji doldurma məntəqələrinin quraşdırılmasına çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə